“Milli Şura”nın saxta “mövqe sənədi” - siyasi artistizmin pik həddi XƏYANƏT!
Gültəkin Hacıbəylinin həmin “sənədi” bəh-bəhlə sosial şəbəkədə ictimailəşdirməsi sözün əsl mənasında istifadəçilər tərəfindən istehza ilə qarşılanıb
“Milli Şura” adlandırılan və xalq içində xəyanət simvolu, yaxud satqınlar yığnağı kimi tanınan bu qurumun indi də saxta və gülünc təsir bağışlayan “Demokratik Qüvvələrin Milli Şurasının Azərbaycan və Avropa Birliyi arasında Strateji Tərəfdaşlıq Sazişinə dair Mövqe Sənədi” adı altında siyasi artistizm üsuluna əl atması artıq oradakıların nə qədər ucuz təfəkkürə, eləcə də ambisiyalara sahib olduqlarını kifayət qədər təsdiq edir. Söz yox ki, “Milli Şura”nın bənzər addımları əvvəllər də müşahidə olunub. Hətta bu qurumdan əvvəl fəaliyyət göstərmiş və siyasi-ictimai rəydə “ictimai palatka” kimi ələ salınan “İctimai Palata” adlı məhv olmuş təşkilat da bir aralar “Müxalifətin strateji yol xəritəsi” adlı haradansa köçürülmüş, plagiat bir sənədi zorla sırımağa çalışırdılar. Ancaq onda da heç bir dəstək görə bilmədilər. Nə xalqdan, nə də ki, 30 ilə yaxındır satıldıqları, nökərçilik etdikləri xarici ermənipərəst dairələrdən. Bu, həm də onu sübuta yetirdi ki, ələ salınan, ciddi qəbul edilməyən müxalifət həm də işlənmiş salfet kimi hər tərəfdən lazımsız qismində bir kənara atılır.
Radikalların iddiaları böyük suallar doğurur
İndi də “Milli Şura”nın bənzər hoqqabazlığı bəri başdan nəticəsiz və siyasi cəhətdən heç bir məntiqə sığmayan formada ortaya çıxıb. Xüsusilə, Gültəkin Hacıbəylinin həmin “sənədi” bəh-bəhlə sosial şəbəkədə ictimailəşdirməsi sözün əsl mənasında istifadəçilər tərəfindən istehza ilə qarşılanıb.
Yeri gəlmişkən, bu saxta “sənəddə” Azərbaycan hakimiyyətinin əldə etdiyi uğurlar, aparılan davamlı, inqilabi islahatlar qəsdən kölgəyə atılıb, hər zaman olduğu kimi, mövcud söz və ifadə azadlığının dövlət tərəfindən qorunması, inkişaf etdirilməsi siyasətinə çamur atılıb. Təkcə bir faktı deyək. Əgər bu gün satqın və xəyanətkar müxalifət açıq-aşkar dövlət əleyhinə fəaliyyət göstərirlərsə, bu fəaliyyətlərini özlərinə məxsus media qurumlarında, sosial şəbəkələrdə rahat şəkildə, maneəsiz ictimailəşdirirlərsə, bu zaman hansı söz və ifadə azadlığının pozulması iddiası böyük sual altında qalır...
Qarabağa aid isə bir neçə cümlə!
Həmçinin, “siyasi məhbus” kimi saxtakar iddialarına da gen-bol şəkildə yer verən “sənəddə” nədənsə, dövlətin humanizm prinsipinə söykənərək, yüzlərlə insanların, xüsusilə, radikal müxalifətin qanunları pozaraq həbsə düşmüş şəxslərin azadlığa buraxılmaları barədə heç nə deyilmir. Niyə, hansı səbəbdən və nəyə görə? Təbii ki, onlar bu sualın cavabını heç vaxt verməyəcəklər, çünki onlara həqiqəti danışmaq sərf eləmir.
Digər tərəfdən, başqa şər-böhtan xarakterli iddialarını da saxta “sənədə” yerləşdirən “Milli Şura” nədənsə Qarabağın işğal faktına yalnız bir neçə cümlə ayırıb, o da dərhal saxta şəkildə yaradılmış görüntü təsiri bağışlayır və başqa bir şey deyil. Halbuki, “siyasi məhbus” və digər məsələlər palaz-palaz yer tutur!
Beləliklə, indi də bu üsullar yox olan “varlıqlarını” nümayiş etdirməyə cəhd göstərən xain qüvvələr “bəlkə qayıtdıq” kimi utopik xəyallara dalıblar. Bu utopiya isə onsuz da ölü qurumun hansı durumda olduğunu bir daha gözlər önünə sərib...
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB