"Azərbaycan-Çin münasibətləri ən yüksək səviyyədədir" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan-Çin münasibətləri ən yüksək səviyyədədir" ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına işgüzar səfəri iki ölkə arasında münasibətlərin həm keçmişini, həm mövcud vəziyyətini, həm də gələcək perspektivlərini özündə əks etdirir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Millət vəkilinin sözlərinə görə, bu gün iki ölkə arasında münasibətlər ən yüksək səviyyədədir: “Münasibətlərin inkişafında yeni mərhələni cənab Prezidentimiz bir neçə il əvvəlki səfəri müəyyənləşdirmişdir. Bizim Çinlə münasibətlərimizin təməl məsələlərindən biri ərazi bütövlüyü və suverenliyinin tanıdılmasıdır. Çin Xalq Respublikası Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə müdafiə edir. İki ölkə arasında ticarət, iqtisadi, diplomatik, siyasi, hərbi, hümanitar və mədəni əməkdaşlıq inkişaf edir. Bu gün Azərbaycanda Çin dilini öyrədən mərkəzlər var və ayrı fakultələr mövcuddur. Eyni zamanda Çində də azərbaycanlı tələbələr təhsil alır. Hesab edirəm ki, qarşılıqlı münasibətlərin çox böyük gələcəyi var”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikası Sədrinin dəvəti ilə 2-ci “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün aprelin 24-də bu ölkəyə işgüzar səfərə gəlib. Pekin şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Çinin xarici işlər nazirinin müavini Zang Hanhui və digər rəsmi şəxslər qarşıladılar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə