"DQ prosesinə cəlb olunacaq peşəkar jurnalistlərimiz kifayət qədərdir" AÇIQLAMA-ÖZƏL

"DQ prosesinə cəlb olunacaq peşəkar jurnalistlərimiz kifayət qədərdir" AÇIQLAMA-ÖZƏL

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində icmaların o cümlədən də jurnalistlərin cəlb olunması ilə bağlı məsələlər artıq xeyli müddətdir ki, müzakirə olunur. Təbii ki, indiyədək bunun üçün müxtəlif variantlardan istifadə olunub. Hətta Ermənistan tərəfindən razılaşdırılmamış səfərlərin təşkil olunması və ya jurnalist adı ilə müəyyən təxribatların aparılması, onlar vasitəsilə müəyyən yanlış informasiyaların ötürülməsi kimi cəhdlər də göstərilib”. Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının dövlətlər, legitim qurumlar tərəfindən həyata keçirildiyini deyən qurumun sədr müavini söyləyib ki, bu gün dövlət qurumları, dövlət təmsilçilər arasında prosesə jurnalistlərin də iştirak etməsi ilə bağlı razılıq əldə olunubsa, burada qeyri-adi heç nə yoxdur.

Onun sözlərinə görə, bu cür təcrübədən digər münaqişələrin həllində də istifadə olunduğundan Dağlıq Qarabağ probleminin həlli istiqamətində gedən proseslərdə də tətbiq oluna bilər: “ Burada sadəcə öz fəaliyyətə, ayrı-ayrı xaotik hallara yol vermək olmaz: “Dövlət qurumlarının nəzarəti, kuratorluğu, koordinatorluğu ilə həm Ermənistan, həm də Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərləri mümkün haldır”.

Azərbaycanda həm informasiya hazırlamaq, həm də dil bilgiləri baxımından kifayət qədər peşəkar jurnalistlərin olduğunu qeyd edən M. Ələsgərli vurğulayıb ki, həmin şəxslər prosesə cəlb oluna v fayda verə bilərlər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə