“YAP istənilən təklifi dəyərləndirməyə hazırdır" - MÜSAHİBƏ - SƏS TV
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun SİA-ya müsahibəsi:
- Siyavuş müəllim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ilin aprel ayının 11-də prezident seçilməsindən 1 il ötür. Siz bu 15+1 formatından çıxış edərək ölkə başçısının son 1 illik fəaliyyəti çərçivəsində Azərbaycanda mənəvi-dəyərlərin təbliği istiqamətində apardığı işləri necə dəyərləndirərdiniz?
- Ümumiyyətlə, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bir çox sahələrdə çox ciddi dəyişikliklər gedib. İlk növbədə, Azərbaycan dövlətçiliyi, müstəqilliyi qorunub saxlanılıb, ölkəmizin iqtisadi inkişafı, iqtisadi bazası möhkəmlənib, neft müqavilələri imzalanıb və ən əsası isə təhlükəsizlik məsələləri həll olunub. Bununla belə milli-mənəvi dəyərlərin dünyaya təqdim olunması prosesi həyata keçirilib. Təbii ki, son 15 ildə də bu proses davam edib. Çünki bu, Ulu Öndər Heydər Əliyev siyasi xəttini təşkil edir. Həmin siyasi xəttin uğurlu davamçısı olaraq da Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrində çox böyük inkişafa nail olunub. İlk növbədə, bunların həyata keçirilməsi üçün siyasi iradə ortaya qoyulub. İkincisi, xalq-iqtidar birliyi mövcuddur. Üçüncüsü isə müstəqil siyasətin aparılması dayanır. Məhz bunun nəticəsi olaraq da Azərbaycan həm iqtisadi, siyasi cəhətdən, həm də təhlükəsizlik, ictima-siyasi sabitlik baxımından bu gün regionda və dünyada nümunə göstərilə biləcək bir ölkədir. O cümlədən Azərbaycanda söz, mətbuat azadlığı, azad internet, müxtəlif səpkili məsələlərin həllinin dialoq əsasında həyata keçirilməsi, siyasi sistemin ciddi şəkildə möhkəmləndirilməsi, hər bir şəxsin fikrinə hörmət edilməsi, Azərbaycan vətəndaşının rifahı başlıca məqsəd hesab olunur. Təbii ki, bu məqsədə nail olmaq üçün də müxtəlif vəzifələr müəyyənləşib və bu vəzifələr həyata keçməkdə davam olunur.
Cənab İlham Əliyevin 2018-ci ilin aprelin 11-də yenidən Prezident seçilməsi ilə Azərbaycanda yeni bir mərhələnin başlanğıcına qədəm qoyuldu. Ölkə başçısı bu yeni mərhələdə bir sıra ciddi struktur islahatları həyata keçirməklə bütün sahələrdə, o cümlədən milli-mənəvi dəyərlər sahəsində də müxtəlif addımların atılmasına nail oldu. İlk növbədə, seçki dövründə ortaya çıxan müxtəlif təkliflər, rəylər, arzular və istəklər toplanılaraq cəmləşdirildi və nəticə etibarilə Prezidentin seçki platformasına daxil olundu. Sonradan bu məsələlər Azərbaycanın dövlət büdcəsində öz əksini taparaq müxtəlif layihələr, planlar hazırlandı. Ən əsası isə dövlət strukturunda olan islahatlar idi. Bu islahatlar uzun müddət idi ki, gözlənilirdi və cənab Prezident tərəfindən bu işlər həyata keçirildi. Beləcə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tərkibində ciddi dəyişikliklər olundu və struktur islahatları aparıldı. Amma bəzən iddia edirlər ki, struktur və kadr islahatları tamam başqadır. Təbii ki, Azərbaycan dövlətçiliyinin quruluşunu Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qəbul olunmuş Konstitusiyada müəyyən edir. Bu Konstitusiya çərçivəsində idarəetmə sisteminin forması müəyyən olunur. Azərbaycan Respublikası prezidentli respublikadır. Bunun tərkibində müxtəlif kadr islahatları və digər struktur islahatları həyata keçirilir. Bəziləri insanları çaşdırmaqdan ötrü ortaya müxtəlif fikirlər atırlar. Yox bu islahat deyil və s. Bəs, islahat hansı formada olmalıdır? Məsələn, biz Türkiyə kimi parlamentli republikadan prezidentli respublikaya keçsək, o zaman sistem tamam başqa formatda qurulmalıdır. Bu zaman həm parlamentdə müxtəlif dəyişikliklər olmalıdır, həm də yerli özünüidarəetmə sistemində və s. Başqa ölkələrdə isə prezidentli respublikadan parlamenti republikaya keçid olur və orada da struktur tamamilə başqa formatda olur. Amma Azərbaycanda yaranmış və Konstitusiya ilə müəyyən olunmuş struktur mövcuddur. Bu strukturun tərkibində isə işləyən və işləməyən sahələr, mexanizmlər vardır. Bu mexanizmləri aktivləşdirməklə və qarşıya qoyulan o islahatın həyata keçirilməsi ilə müxtəlif məsələlər də öz həllini tapır. Bu baxımdan da hansısa struktur öz effektivliyini itiribsə, o ləğv olunur. Aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzaladı. Həmin Fərmana əsasən isə Komissiya yaradılıb və artıq bu sahədə işlərə başlanılıb. Təbii ki, biz burada bütövlükdə məhkəmə-hüquq sistemini ləğv edə bilmərik. Sadəcə olaraq proses sadələşdirilib. Burada milli psixologiya, milli-mənəvi, əxlaqi dəyərlər və s. var ki, həmin məsələlərin tam əhatə olunması nəzərdə tutulmalıdır. Hər bir qanun o ölkənin xalqının mənafeyinə xidmət etməlidir.
- Bildiyiniz kimi bu ilin 14-15 noyabr tarixlərində Azərbaycanda "Dünya dini liderlərinin II Bakı sammiti" keçiriləcək. Cənab Prezident bununla əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb və siz həmin komitənin üzvlərindən birisiniz. İstərdik bu sammitin əhəmiyyəti barəsində danışasınız.
- Ümumiyyətlə, Azərbaycanda milli mənəvi-dəyərlərə çox yüksək qiymət verilir. Azərbaycan dünyada tolerant bir ölkə kimi tanınır. Azərbaycanda bütün dinlərə bərabər şəkildə şərait yaradılıb. Azərbaycan Respublikasının Konstitusiyasında göstərildiyi kimi dilindən, dinindən asılı olmayaraq qeydiyyatdan keçmiş hər hansı bir din azad şəkildə ölkəmizdə fəaliyyət göstərə bilər. Bu məsələ “Dini etiqad azadlığı” haqqında qanunla da tənzimlənir. Təbii ki, Azərbaycanda din dövlətdən ayrıdır və ölkəmiz dünyəvi dövlətdir. Amma bununla yanaşı dövlətimiz həmişə dinin yanındadır. Görürsünüz ki, bütün dinlərlə bağlı olan beynəlxalq konfransların, tədbirlərin əksəriyyəti Azərbaycanda keçirilir. Həmin tədbirlər ölkəmizdə keçirildikdə müxtəlif dinlərin nümayəndələri və rəhbərləri burada iştirak edir. Bildiyiniz kimi, səmavi dinlər deyilən bir anlayış vardır. O dinlərə daxil olan bütün qruplar və fəaliyyəti qanunla qadağan olunmamış digər dinlərin hər biri bu proseslərdə iştirak edirlər. Bakıda dəfələrlə bu cür konfranslar keçirilib.
Xüsusilə qeyd etmək istərdim ki, bu məsələlərdə Heydər Əliyev Fondunun çox böyük rolu vardır. Məscidlərin, dini ocaqların, müqəddəs yerlərin bərpası, tikintisi və əhalinin istifadəsinə verilməsində Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın çox böyük rolu vardır. Buna nümunə olaraq ən qədim məscidlərdən biri olan Şamaxı məscidinin, İmamzadə Kompleksinin bərpa olunub istifadəyə verilməsi, ayrı-ayrı yerlərdə böyük məscidlərin, o cümlədən Cənubi Qafqazın ən böyük məscidi olan Heydər Məscidinin tikilib istifadəyə verilməsini göstərə bilərik. Buna paralel olaraq həm sinaqoqların, kilsələrin, həm də udin-alban kilsələrinin tikintisi, bərpası Azərbaycan dövlətinin, xalqının əsas fəaliyyət istiqamətlərindən biridir. Çünki bizim xalq çox tolerant bir xalqdır. Azərbaycanda dinlərə hörmətlə yanaşılır. Baxmayaraq ki, Avropada, dünyanın aparıcı dövlətlərində dinlər arasıda müxtəlif konfiliktlər, münasibətlərin kəskinləşməsi olduğu bir halda ölkəmizdə bu cür hallar yoxdur və bundan sonra da ola bilməz. O cümlədən Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində də bu sahədə beynəlxalq konfranslar keçirib. Buna misal olaraq, Heydər Əliyev Fondunun Fransada, İtaliyada, Vatikanda keçirdiyi konfransları, Qafqaz Müsəlmanları İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, ayrı-ayrı QHT-lərin keçirdiyi tədbirləri göstərə bilərik. Hətta ayrı-ayrı ölkələrdə Azərbaycan dini məbədlərin bərpasında da yaxından iştirak edir və öz töhfəsini verir. O baxımdan da Azərbaycanda bu cür tədbirlərin keçirilməsi mütəmadidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə də Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədovun rəhbərliyi altında Komissiya yaranıb. Komissiya yaxın vaxtlarda “Tədbirlər Planı”nı işləyib hazırlayaraq təqdim edəcəkdir. Təbii ki, həmin “Tədbirlər Planı”na uyğun olaraq da biz beynəlxalq konfransın çox yüksək şəkildə keçirilməsinə nail olacayıq.
- 100 ildən artıqdır ki, ermənilər hər il aprelin 24-də öz xəyanətkar əməllərini ört-basdır etmək üçün “erməni soyqırımı”cəfəngiyatı ilə Türkiyəni ittiham edərək hay-küy kampaniyası aparırlar. Sizin bu addımları necə xarakterizə edərdiniz?
- Təbii ki, bunlar hamısı qurma məsələlərdir. Ümumiyyətlə, burada söhbət təkcə ermənilərdən getmir, türk dünyasını gözügötürməyən qüvvələrdən gedir. Həmin qüvvələr müxtəlif bəhanələrlə bu cür addımların atılmasını gündəmə gətirirlər və bundan bir təzyiq metodu kimi istifadə edirlər. Dünyada onlarla belə misal göstərmək olar. Bu mif deyil, əksinə reallıqdır. Ermənilər heç bir tarixi araşdırma aparmadan iddia edir ki, türklər tərəfindən "soyqırımı"na məruz qalıblar. Dəfələrlə Türkiyə hökuməti, rəhbərliyi də deyib ki, əgər belədirsə, bunu tarixçilərə həvalə edək. Qoy, onlar araşdırıb faktları üzə çıxarsınlar. Əksinə, ermənilər türkləri, azərbaycanlıları müsəlman olduqlarına görə qətlə yetiriblər. Biz bunu Xocalı faciəsində də görmüşük, işğal olunmuş ərazilərimizdə də şahidi olmuşuq. Dünyada buna oxşar xeyli hadisələr mövcuddur.
Məsələn, ABŞ-ın Quantanama həbsxanasında insanlara olmazın əziyyətləri, işgəncələri verilir. Hətta deyərdim ki, burada bəşəriyyətin görmədiyi cinayətlər (insanların daxili orqanının satılması, onların üzərində ekspertiziyaların edilməsi və s.) törədilib. Mənəvi cəhətdən onların təhqir olunması, əqidəsinə, dini baxışlarına qarşı məcburiyyətlər gözlərimizin qarşısında baş verib. Məsələn, İkinci Dünya Müharibəsi ərəfəsində 10 milyona yaxın yəhudinin öldürülməsi, yandırılması dəhşətli hadisələr idi. Bunlar hamısı insanların gözü önündə baş verib, faktlar var. Buna münasibət bildirmək əvəzinə Türkiyəyə qarşı təzyiq göstərirlər. Ümumiyyətlə, Türkiyə NATO-nu yaradan ölkələrdən biridir və 50 ildən artıqdır ki, Avropa İttifaqı ilə əməkdaşlıq edir və Aİ-yə üzv olmaq istəyir. Məsələn, keçmiş Yuqoslaviyanın tərkibindən 8 ölkə yaranıb. Serbiyadan başqa yerdə qalan ölkələrin hamısını həm NATO-ya daxil ediblər, indi də Avropa İttifaqına daxil etməyə başlayıblar. Halbuki bunların nə iqtisadi potensialı, nə də digər xüsusiyyətləri Avropa standartlarına cavab vermir. Türkiyə 80 milyondan çox əhalisi olan böyük bir dövlətdir. NATO-nun ən güclü quru qoşunları Türkiyədədir. Təbii ki, bunlar hamısı bəhanədən başqa bir şey deyil.
- Siyavuş müəllim, Ermənistan tərəfi daim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-konstruktiv addımlar atıb. Bu ölkənin baş naziri Nikol Paşinyanın bu yaxınlarda Strasburqda AŞPA-nın tribunasından yalanlar danışması da buna bariz sübut idi. Belə olan təqdirdə işğalçı ölkəyə qarşı hansı mexanizm tətbiq edilməlidir?
- Hesab edirəm ki, bu gün Ermənistan rəhbərliyi siyasətin həyata keçirilməsində çox naşı və hər şeydən xəbərsiz olan bir insandır. Paşinyan bir növ Mirzə Fətəli Axundzadənin "Aldanmış kəvakib" (“Hekayəti-Yusif şah”) əsərində olan Yusif Sərrac obrazına bənzəyir. O hələ də bilmir ki, hakimiyyətə niyə gəlib və məqsədi nədir. Paşinyan danışıqlara hazır olmadığına görə, görüşlərin keçirilməsində də heç bir mahiyyət yoxdur. O hər dəfə müxtəlif bəhanələr gətirəcək ki, görüşlərdən qaçsın. Hətta deyərdim ki, Paşinyan səsləndirdiyi bəyanatların heç biri ilə özü də razı deyil. O bu bəyanatları verməklə danışıqlar müddətini uzatmağa və prosesin içərisinə daxil olmağa çalışır. Amma bununla paralel olaraq həmin proseslərin uzanması Ermənistanı daha da ağır vəziyyətə gətirir. Çünki o Ermənistanda hakimiyyətə gələndə xalqa yalandan müxtəlif vədlər vermişdi. Paşinyan ondan-bundan bir qədər pul toplayıb bir ay ölkəsini ayaqda saxlamağa çalışdı. Amma sonradan bu mümkün olmadı. Dövləti qrantla, xaricdən gələn yardımla və yaxud da hansısa sahibkardan pul qoparmaqla saxlamaq mümkün deyil. Dövlətin inkişafının strateji proqramı olmalıdır. Ermənistan getdikcə uçurumun dibinə yuvarlanır. Azərbaycanın isə günü-gündən qüdrətlənməsi, ordumuzun getdikcə artan gücü, yeni silahlarla tam şəkildə təmin olunması onlarda bir xof yaradır. 2016-cı ilin Aprel döyüşləri buna bir nümunə sayıla bilər. Eləcə də insanlarda olan vətənpərvərlik ruhu, öz torpaqlarına bağlılıq sübut edir ki, Ermənistanın bu cür siyasətinin axırı yoxdur.
- Əvvəllər Azərbaycan siyasi meydanında iqtidar-müxalifət dialoquna tez-tez şahidlik edirdik. Amma son illərdə bu cür dialoqlar aparılmır. Yeni Azərbaycan Partiyası belə dialoqlara hazır olduğunu dəfələrlə bildirsə də amma müxalifət düşərgəsi ajiotaj yaratmaqda davam edir.
- Biz dialoqa və hər bir məsələni müzakirə etməyə, ortaya qoymağa həmişə hazırıq. Amma gərək dialoqu apara biləcək tərəf ortaya çıxsın və ardıcıl şəkildə təkliflər versin, layihələr təqdim etsin ki, oturub onunla söhbət edib dialoq aparasan. Bu gün Azərbaycan parlamentində təmsil olunmayan siyasi partiyalar, dağıdıcı mövqedə duran təşkilatlar var, eləcə də müxtəlif adlar altında ayrı-ayrı dövlətlərə işləyən qüvvələr var. Hansı ki, onlar başqa-başqa ölkələrin hərbi kəşfiyyatına və yaxud da təhlükəsizlik orqanına xidmət edən insanlardır. Onlar tapşırıq gələn kimi bir yerə toplaşır və tapşırıq olmadıqda isə dağılışırlar. Təbii ki, dialoqla bağlı bizim bir neçə dəfə görüşlərimiz keçirilib. Orada da təqdim olunub ki, hər bir təşkilat özünün təklifini irəli sürə bilər. Əfsuslar olsun ki, onların heç biri yazılı şəkildə ortaya heç bir sənəd qoymayıblar. Bunların arzusu odur ki, tədbir keçirilsin və orada görüntü yaratsınlar. Müxalifətin funksiyası alternativ təkliflərin verilməsindən ibarət olmalıdır. Biz istənilən təklifi dəyərləndirməyə hazırıq. Vaxtilə keçirilən dialoqlarda bir sıra partiyalara xaricdən göstəriş gəlmədiyinə görə iştirak etmədilər.
- Antiazərbaycançı şəbəkə və onların buyruq quluna çevrilən Leyla Yunus bu günlərdə yenə də məkrli tapşırıqlardan birini həyata keçirmək qərarına gəlib. Xaricdə oturaraq ölkəmizə qarşı qarayaxma kampaniyası həyata keçirir. Onun bu əməllərinə nə ad verilməlidir?
- Təbii ki, bunlar eyni mərkəzdən fəaliyyət göstərirlər. Mən həm ölkəmizdə, həm Ermənistanda, həm də onlarla bir yerdə Avropada olanlarının da müsahibələrini izləyirəm və baxıram. Onlar hamısı erməni puluna fəaliyyət göstərir və eyni tapşırığı icra edirlər. Ötən gün onlardan biri heç bir əsası olmadan, heç bir fakta söykənmədən Azərbaycan Ordusu haqqında yalan, şər-böhtan xarakterli çıxışlar edirdi. Bu insanlar bir növ çayxana söhbətini televiziya vasitəsilə ictimaiyyətə çatdırırlar. Ümumiyyətlə, hər bir məsələ araşdırılmalıdır. Əgər o ordu haqqında böhtan xarakterli fikirlər səsləndirirsə, deməli o insanda ümumiyyətlə, vətənpərvərlik hissi yoxdur. Bu insanlar ermənidən çox ermənidirlər. Eləcə də Leyla Yunus dəfələrlə Ermənistana qeyri-qanuni səfərlər edib. Onun hər bir Avropa ölkəsində bir neçə böyük mülkiyyətləri, biznes strukturu və s. vardır. Bunlar hamısı erməni pulu ilə əldə edilib. Gündə bir təşkilat yaradılır və adını gah Azərbaycan Xalq Hərəkatı, gah da Milli Şura qoyurlar. Onların işləri və gücləri ancaq yalan danışmaqdan ibarətdir. Bilirsiniz ki, Fransada Paris Notr-Dam Kilsəsi yanıb. Düşündüm ki, onlar indi çıxıb deyəcəklər ki, bunu da Azərbaycan iqtidarı edib və yaxud da niyə onlar gəlib bunu söndürməyiblər. Çünki dünyada hansı hadisə baş verirsə, həmin hadisələri Azərbaycan iqtidarının üzərinə atırlar. Ən əsası odur ki, xalqımız bütün bunları öz gözü ilə görür, başa düşür və onların düzgün yerini göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB