“Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində iki dövlət arasında həyata keçirilən görüş və danışıqlar daha çox mövqelərin koordinasiyası, əlaqələrin yenidən qurulması xarakteri daşıyır. Bu baxımdan münaqişənin həlli istiqamətində yaxın müddətdə müsbət nəsə gözləmək tezdir”. Bu fikirləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Tamerlan Vahabov deyib.
O bildirib ki, ötən gün Azərbaycan və Ermənistan XİN başçılarının Moskvada keçirilən görüşü də mövqelərin müəyyən edilməsi xarakteri daşıyırdı: “Bu baxımdan son görüşdə də fərqli heç nə görmədim. Xarici işlər naziri Elmar Məmmədyarovun da açıqladığı kimi görüşdə müzakirələr daha ətraflı şəkildə aparılıb, Ermənistanın yeni hakimiyyətinə Azərbaycanın bundan öncə topladığı təcrübə və onun ölkəmizin iqtisadi, hərbi gücünə necə çevrildiyi geniş şəkildə izah edilib. Ümid edirəm ki, Ermənistan rəhbərliyi bütün bunları nəzərə alacaq və bundan sonrakı görüşlərdə mövqelərinə korrektələr edəcək”.
Görüşdə jurnalistlərin qarşılıq səfərləri də daxil olmaqla müəyyən humanitar aksiyaların keçirilməsi istiqamətində razılığın əldə edildiyini xatırladan ekspert söyləyib ki, bu razılıq ən azından tərəflərin bir-birini anlamaq və ölkəmizin siyasi, iqtisadi, hərbi gücünü göstərilməsi baxımından yaxşı fürsətdir: “Ümumiyyətlə sükut olarsa, heç bir dialoq olmasa o zaman Azərbaycanın həqiqətlərini onlara çatdırmaq çox çətin olacaq. Əldə olunan razılıq eyni zamanda Azərbaycanın sülhməramlı ölkə olduğunu göstərir. Azərbaycanın torpaqları işğal atında olmasına baxmayaraq, ölkəmiz yenə də sülhməramlı, danışıqlara hazır olduğunu, vətəndaş cəmiyyətləri arasında dialoqa hazır olduğunu göstərir. Bu, həm də ölkəmizin siyasi, iqtisadi, hərbi gücünü göstərilməsi baxımından yaxşı fürsət, mesajlarımızı göndərmək üçün mühüm platformadır ”.
Moskva görüşünün Rusiyanın təşəbbüsü məsələsinə gəlincə, T. Vahabov qeyd edib ki, Rusiyanın regionun əsas, eləcə də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olduğunu nəzərə alsaq o zaman onun bu prosesdə iştirakı məntiqlidir: “ Eyni zamanda Rusiya problemin həlli istiqamətində öz rolunu görür. Çünki, həm Azərbaycan, həm də Ermənistan onunla sərhəd ölkədir. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsi Rusiya üçün də vacib məsələdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB