"Son 1 ildə atılan addımlar öz fərqliliyi ilə seçilir" RƏY-ÖZƏL

"Son 1 ildə atılan addımlar öz fərqliliyi ilə seçilir" RƏY-ÖZƏL

“Son il müddətində Azərbaycanın sosial-iqtisadi cəhətdən inkişafı dinamik xarakter daşıyır. Xüsusilə də 2019-cu ili ilk 4 ayından sosial sahədə insanların sosial müdafiəsinin gücləndirilməsinə yönələn islahatların keçirilməsi daha da intensivləşib”. Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Prezident İlham Əliyevin çıxışlarında söylədiyi kimi 2019-cu ilin Azərbaycan üçün tamamilə fərqli il olduğunu dilə gətirən deputat söyləyib ki, 2018-ci ildə keçirilən seçkilərdən sonra ölkəmizdə bütün sahələrdə mühüm uğurlar qazanılıb, nailiyyətlə əldə edilib.

Onun sözlərinə görə, Azərbaycanın iqtisadi imkanlarının güclənməsi nəticəsində əldə olunan maliyyə sosial istiqamətə daha çox vəsaitin ayrılmasına geniş imkanlar yaradıb: “Həm regionların sosial-iqtisadi inkişafı, həm də vətəndaşlarımızın sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində inqilabi layihələrə imza atılıb. Davamlı olaraq islahatların həyata keçirilməsi inkişaf proseslərini daha da gücləndirir”.

S. Hüseynova vurğulayıb ki, vətəndaşların rifahının daha da yüksəldilməsi, qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsi hər zaman dövlətimizin diqqətində olan məsələ olsa da, son 1 il müddətində bu sahədə də atılan addımlar öz fərqliliyi ilə seçilir: “Ölkə başçısının 2018-ci ildə keçirilən prezident seçkilərində verdiyi vədlər uğurla reallaşdırılır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə