"Azərbaycan hökuməti bu vəzifənin öhdəsindən layiqincə gələ bilib” MÖVQE

"Azərbaycan hökuməti bu vəzifənin öhdəsindən layiqincə gələ bilib” MÖVQE

“Ümumiyyətlə, dövlətin həyata keçirdiyi iki əsas siyasət var. Bura insanların təhlükəsizliyi, və insanların rifah halının, həyat səviyyəsinin yaxşılaşdırılması daxildir. Məmnunluqla deyə bilərəm ki, Azərbaycan dövləti qarşısında duran ən mühüm hər iki vəzifənin öhdəsindən layiqincə gəlir”. SİA-nın xəbərinə görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov deyib.

O bildirib ki, bu gün Azərbaycan ən sabit, insanlarımızın yaşaması üçün ən təhlükəsiz ölkələrdən biridir: “Ölkəmizdə sabitlik, əmin-amanlıq, dinclik, rahatlıq bugünkü Azərbaycanın mövcudluğunu xarakterizə edən ən mühüm xüsusiyyətlərdən, vacib cəhətlərdən biridir. Belə hesab edirəm ki, Azərbaycanın bu sabitliyinin, əmin-amanlığının nə qədər böyük dəyər kəsb etdiyini insanlarımız kütləvi informasiya vasitələri, dünyada baş verən hadisələri müşahidə etdikdə daha da dəqiqliklə qiymətləndirə bilirlər. Dünyanın ayrı-ayrı ölkələrində, fəlakətlərin, toqquşmaların, müharibələrin, ayrı-ayrı şəhərlərin yerlə yeksan olmalarının kadrlarını gördükdən, bütün bu faciələrlə televiziya, kütləvi informasiya vasitələri ilə tanış olduqdan sonra ölkəmizdəki dincliyin, rahatlığın, təhlükəsizliyin, abadlığın və əmin-amanlığın nə qədər böyük dəyər kəsb etdiyin daha yaxşı dərk edirik”.

Ə.Əhmədov söyləyib ki, əgər sülh, əmin-amanlıq, təhlükəsizlik olmasaydı, əldə etdiyimiz sosial, iqtisadi nailiyyətlər heç bir dəyər, məna kəsb etməzdi: “İnsanın həyatından, yaşaması üçün təhlükəsizlikdən böyük dəyər təsəvvür etmək mümkün deyil. Digər dəyərlər, sərvətlər yalnız insanın, ailəsinin təhlükəsizliyinin olduğu şəraitdə məna kəsb edir. Hesab edirəm ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə təhlükəsizliyin təmin edilməsi, sabitliyin, əmin-amanlığın qorunması məhz bu mənada daha mühüm əhəmiyyət kəsb edir və dövlət siyasətində ən vacib yerlərdən birini tutur. Çünki, bu, insanların yaşaması üçün ən vacib şərtlərindən biridir. Yaxşı yaşamaq üçün təhlükəsizlik təmin edilməlidir. Azərbaycan hökuməti qürur hissi ilə qeyd edir ki, bu vəzifənin öhdəsindən layiqincə gələ bilib”.

Baş nazirinin müavini deyib ki, qarşıya qoyulan ikinci vəzifə olan vətəndaşlarımızın sosial problemlərinin həll olunması, onların rahat yaşamaları üçün şəraitin təmin edilməsi istiqamətində də böyük işlər, uzun müddət ərzində həyata keçirilib: “Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ayrı-ayrı dövrlərdə bu vəzifəyə xidmət edən müxtəlif hədəflər həyata keçirilib. 1993-cü ildə Azərbaycanda sabitlik pozulmuşdu, əmin-amanlıq yox idi, insanlar çörək növbələrində dayanırdılar. O zaman dövlətin qarşısında duran əsas vəzifə ilk növbədə əmin-amanlığın təmin edilməsi, dinclik, rahatlığın yaradılması, ikincisi isə insanların hiss etdiyi, ağırlığının altında əzildiyi sıxıntılardan, çörəklə imtahana çəkilməkdən azad olmaq idi. Heydər Əliyev bu vəzifəni 1990-cı illərin əvvəllərində hakimiyyətə gəldikdən sonra yerinə yetirdi və daha sonra digər vacib vəzifələrin həyata keçirilməsi zəruri şərt kimi qarşıda dayandı ki, bu da iqtisadi, siyasi islahatlarla bağlı idi. Bütün bunların nəticəsində insanların rifah halının daha da yaxşılaşdırılması üçün zəmin hazırlanmalı idi”.

Ə.Əhmədov vurğulayıb ki, iqtisadiyyatda yüksəlişi təmin etmədən hökumətin həyata keçirməli olan sosial siyasətin reallaşması üçün resurslar yaradılmadan, niyyətin nə qədər çox, arzun nə qədər böyük olsa da sosial siyasətin həyata keçirilməsi sadəcə olaraq mümkün ola bilməzdi: “Buna görə də Azərbaycan hökumətinin seçdiyi yolun mahiyyəti insanların rifah halının yaxşılaşdırılması üçün daha layiqli sosial siyasət həyata keçirməyə xidmət edən iqtisadi, maliyyə zəmini yaratmaqdan ibarətdir. Bu baxımdan Heydər Əliyev tərəfindən həyata keçirilən islahatlar, daha sonra Prezident İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra həyata keçirilən iqtisadi islahatlar məhz bu məqsədlərə xidmət edir. İqtisadiyyatı gücləndirmək, güclənən iqtisadiyyatın yaratdığı imkanlardan istifadə edərək insanlarımızın rifah halının yaxşılaşdırılmasına nail olmaqdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə