"Türkiyədə bələdiyyələrə olan maraq niyə bizdə yoxdur?" ÖZƏL-MÖVQE
“Ölkəmizin dəyərli vətəndaşlarının Türkiyədə keçirilən bələdiyyə seçkilərinə, onun gedişi və nəticələrinə olan yüksək marağı dövlətlərimiz arasındakı tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin fonunda anlaşılan və hətta təqdirediləndir”. Bunu SİA-ya açıqlamasında "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.
Onun sözlərinə görə, bu fakt bir daha sübut edir ki, bir çoxlarının iddia etdiyi kimi vətəndaşlarımız siyasi proseslərə laqeyd deyil və hadisələri dərindən analiz edir: “Həm bu, həm də Azərbaycanda bir neçə aydan sonra bələdiyyə seçkilərinin yaxınlaşması faktı ölkəmizdə bələdiyyələrin fəaliyyətini də gündəmə gətirir. Düşünürəm ki, bizlər ən azından qardaş ölkədəki bələdiyyə seçkilərinə göstərdiyimiz diqqət və marağı öz bələdiyyələrimizin də fəaliyyətinə (?) və ya fəaliyyətsizliyinə yönəltməliyik. Çoxumuz yaşadığımız ərazidə bələdiyyələrin mövcudluğundan, onun sədr və üzvlərinin kimliyindən xəbərsizik. Hətta bələdiyyə seçkiləri dönəmində belə namizədlər təşviqat kampaniyası aparmağa, özlərini seçicilərə tanıtmağa ehtiyac görmürlər.
Düşünürəm ki, qarşıdan gələn bələdiyyə seçkilərində bizlər aktiv şəkildə iştirak edərək, bir seçkili yerli idarəetmə orqanı kimi bələdiyyələrin nüfuzunun yüksəlməsinə, onların "torpaqsatan" qurum imicindən qurtulmasına çalışmalıyıq. Şübhəsiz ki, bələdiyyələrə marağın az olmasında onların hüquqi statusunun tam müəyyən edilməməsi və faktiki imkanlarının məhdud olması da az rol oynamır. Amma bütün bunlara baxmayaraq, düşünürəm ki, cəmiyyətdə nüfuz sahibi olan aktiv şəxslər bələdiyyə seçkilərində iştirak edərək bələdiyyələrin çevik və faydalı qurumlara çevrilməsinə töhfə verə bilərlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB