Yaxud, “Milli Şura”-REAL qarşıdurmasından doğan danılmaz reallıqlar
Son günlər “Milli Şura” və REAL partiyası arasında yaşanan dava-dalaşın kökündə dayanan əsas ittihamlardan biri xəyanət və satqınçılıq üzərində dayanıb. Əslində, bu elə də təəccüblü məsələ deyil və ortada hər iki qurum təmsilçilərinin, daha dəqiq desək, rəhbərliklərinin istər fəaliyyət göstərdikləri müxalifət daxilində bir-birlərinə, istərsə də, Azərbaycan dövlətinin və xalqının milli maraqlarına qarşı kifayət qədər xəyanətləri olub. Yəni xəyanət etmək onlar üçün necə deyərlər, bir qurtum suiçimlik kimi bir şeydir.
Xəyanət etmək Əli Kərimlinin və Cəmil Həsənlinin alınlarına yazılıb!
Bu gün AXCP sədri Əli Kərimlinin monopoliyası altında fəaliyyət göstərən ölü qurumun – “Milli Şura”nın sədri Cəmil Həsənlinin də digərləri kimi “xəyanətkarsan” ittihamı ilə ortaya çıxması əslində, Ə.Kərimlinin bir neçə gün öncə REAL-ı eyni ittiham etməsinin aşkar davamıdır. Məqsəd isə bəllidir: siyasi müxalifətdə baş qaldıran istənilən opponentə qarşı amansız müharibə elan edib, öz yerini kimsələrə qurban verməmək. Çünki fakt budur ki, hazırda AXCP sədri özünü həm partiya rəhbəri, həm də “Milli Şura” kontekstində “müxalifətin lideri” kimi ictimai rəyə sırıyır. Misal üçün, əgər uzun illərdir ki, Müsavat partiyası ilə AXCP-“Milli Şura” rəhbərliyi arasında antipatiya hissləri mövcuddursa, bu düşmənçiliyin əsasında “liderlik” və s. şəxsi ambisiyaların dayanması şübhəsizdir. Onlar üçün ittihamın ən rahat və asan forması isə “hakimiyyətə işləyirsən” ifadəsidir. Halbuki, hakimiyyət dövlətin və dövlətçilik maraqlarının onurğa sütunu, dayaq mərkəzidir. Bu gün iqtidarın apardığı qətiyyətli, möhkəm iradəyə və xalq dəstəyinə söykənən siyasəti elə bir təməllərə söykənir ki, cılız, zəif, köhnə təfəkkürdən ayıla bilməyən, hələ də çayxana müxalifəti kimi tanınan siyasətbazların ona işləməsinə ümumiyyətlə, ehtiyac duymur. Daha doğrusu, ənənəvi müxalifətin bir-birini “hakimiyyətə işləyirsən, buna görə də xəyanət edirsən” suçlamaları ictimaiyyət üçün sadəcə, boğazdan yuxarı deyilmiş söz təsirini bağışlamaqdadır.
Beləliklə, qarşılıqlı ittihamlar, suçlamalar, günahlandırmalar və daha nələr və nələrdən sonra belə nəticəyə gəlmək mümkündür ki, reallıqda həmin məcrada çıxış edənlərin hərəsinin özünə görə bəlli, sübutlara söykənən xəyanətləri mövcuddur.
Məsələn, kimsəyə sirr deyil ki, AXCP sədri Ə.Kərimli elə ilk növbədə “liderim” dediyi mərhum Əbülfəz Elçibəyə (!) hansı xəyanətləri edib, partiyanı neçə yerə parçalayıb, o cümlədən, zorla ələ keçirdiyi AXCP sədri postunda oturaraq, təşkilatı hansı avtoritar üsullarla idarə edir.
Məgər həmin isbatlamalar bilavasitə Azərbaycan xalqına qarşı edilən xəyanətlər deyilmi, biz hələ müxalifətdaxili xəyanətləri də buraya əlavə etsək...
O da əbəs deyil ki, artıq internetdə və s. vasitələrdə “Yurd həqiqətləri” adlı kitabı yüzlərlə insanlar oxuyaraq, gerçəklikdə Ə.Kərimlinin nə qədər böyük xəyanətkarlıqlara əl atmasının şahidlərinə çevriliblər. AXCP sədrinin gah Qərb təşkilatlarına, gah İranın gizli xəfiyyələrinə, gah Rusiya kəşfiyyatına işləməsi barədə onlarla inkar edilə bilinməyəcək faktlar, dəlillər var və bütün bunların arxasında ona ödənilən qrantlar, vəd edilən “müxalifət lideri” məsələsi dayanır. Məgər həmin isbatlamalar bilavasitə Azərbaycan xalqına qarşı edilən xəyanətlər deyilmi, biz hələ müxalifətdaxili xəyanətləri də buraya əlavə etsək...
Baxın, Ə.Kərimlinin zaman-zaman iştirak etdiyi seçkilərdəki müxalifətdaxili xəyanətləri də hər kəsə məlumdur. Deputatlıq mandatını əldə etmək üçün işlətdiyi xəyanətlərindən tutmuş, blok və birliklərə etdiyi satqınçılıqlarına qədər. Biz, onun xəyanətlərinin sırasına dövlət maraqlarına (!) qarşı işlədilən xəyanətləri də qatarsaq, bu fərdin bütövlükdə xəyanət çamuru işində çabaladığını bağlı gözlə də görə bilərik.
O cümlədən, “Milli Şura”nın sədri Cəmil Həsənli də demək olar ki, eyni müstəvidən çıxış edən fərdlərdəndir. Onun da deputat mandatı üçün uzun illər təmsil etdiyi AXCP-nin ətəyinə tüpürüb, parlamentə getməsi həyatının çoxsaylı xəyanətlərinin tərkib hissəsidir. “Nə ət, nə balıq” prinsipi ilə sözün həqiqi mənasında ingilis bayrağı kimi sərf edən tərəfə əsən C.Həsənli artıq qatarının çoxdan getdiyinin fərqinə vararaq, ən azı “Milli Şura”nın sədri kimi müqəvva postunda oturmaq üçün hansı ağır xəyanətləri desək, ona gedər. Ümumiyyətlə isə, xəyanət etmək Əli Kərimlinin və Cəmil Həsənlinin alınlarına yazılıb!
Xəyanətdə ittiham olunan İlqar Məmmədovun milli satqınçılıqları yaxın tarixi həqiqətlərdə qalır
Maraqlısı da budur ki, “xəyanətkarsan”, “satqınsan” ittiham atəşlərinə tutulan REAL partiyasının sədri İlqar Məmmədovun da xəyanətləri az deyil. Biz, bu yaxınlarda əldə etdiyimiz bir neçə faktları dəyərli oxucularımızın diqqətinə çatdırmışdıq. İnternetdə İ.Məmmədovla bağlı hadisələri araşdırarkən, 2013-cü ildə dərc edilmiş maraqlı bir fakt nəzərimə çarpdı.Misal üçün, Moskva Dövlət Universitetinin tələbəsi olmuş azərbaycanlılardan biri bildirib ki, 1988-ci ildə, Dağlıq Qarabağ ətrafında məsələlər qızışdığı dövrdə, MDU-nun birinci humanitar korpusunun leksiya zallarından birində ermənilərin təşkilatçılığı ilə "Karabax nasa bol, nasa peçal" (“Qarabağ, bizim ağrı, bizim kədər”) mövzusunda dinləmələr təşkil olunub (mənbə: http://olaylar.az/news/siyaset/30187)
Qeyd olunur ki, Sumqayıt hadisələrindən dərhal sonra təşkil edilmiş bu tədbirdə erməni müəllim-tələbə heyəti, universitetin digər tələbələri iştirak ediblər. Həmin vaxt müzakirələrin hansı istiqamətə yönəldiləcəyini ehtimal edən azərbaycanlı tələbələr də müzakirələrə qatılıblar. Dinləmələrdə çıxış edən ermənilər və onların tərəfdarları Azərbaycanı kəskin tənqid ediblər, azərbaycanlılar haqqında "qaniçən", "qəddar", "geridə qalmış", "barbar" və s. təhqiramiz ifadələr işlədiblər. Tədbirə qonaq qismində dəvət olunmuş "Oqonyok" jurnalının Çernov soyadlı əməkdaşının (onun 1998-2003-cü illərdə jurnalın baş redaktoru vəzifəsində çalışmış Vladimir Çernov olduğu ehtimal edilir) ermənilərdən də kəskin çıxış etməsi, azərbaycanlı tələbələrin emosional etirazına səbəb olub. Onlar Çernovun sözünü kəsiblər və faktiki olaraq onu danışmağa qoymayıblar. Tədbir başa çatdıqdan sonra həmin dövrdə universitetin tarix fakültəsinin tələbəsi olan İlqar Məmmədovun Çernova yaxınlaşaraq "azərbaycanlıların qeyri-etik davranışına" görə ondan və onun yanında dayanan, tədbirin təşkilatçısı olan ermənidən üzr istədiyi bildirilir.Qeyd olunur ki, İ.Məmmədov həmişə azərbaycanlı tələbələrdən kənarda dayanıb, onlarla ünsiyyət qurmaqdan çəkinib, həmyerlilərimizin ümumi tədbirlərinə qatılmayıb. İ.Məmmədovun Azərbaycana qayıtdıqdan sonra bu qədər siyasi fəallıq göstərməsinin onun üçün də gözlənilməz olduğunu deyən mənbənin fikrincə, bunun arxasında başqa motivlər dayanır.
O da zamanında AMİP-ə xəyanət edib
İ.Məmmədovun AMİP-dəki fəaliyyəti ilə də bağlı ilginc faktlar mövcuddur. AMİP-dəki mənbə isə deyib ki, Moskva Dövlət Universitetində təhsilini başa vurduqdan sonra İ.Məmmədov Budapeştdə Mərkəzi Avropa Universitetində təhsilini davam etdirib. Həmin ali məktəbdə təhsil aldığı dövrdə İ.Məmmədovun Qərbin müəyyən xüsusi orqanlarının və ya təşkilatlarının maraq dairəsinə düşməsi ehtimal olunur. Azərbaycana qayıtdıqdan sonra o, BDU-da çalışır, eyni zamanda ABŞ-ın Azərbaycandakı səfirliyi ilə sıx əməkdaşlıq etməyə başlayır. Bildirilir ki, İ.Məmmədovun AMİP-ə yerləşdirilməsi və onun partiya sədrinin müavini vəzifəsinədək irəli çəkilməsində ABŞ səfirliyinin marağı olub. Belə ki, səfirlik İ.Məmmədov vasitəsilə həmin dövrdə ölkənin aparıcı müxalifət partiyalarından biri olan və kifayət qədər fəallıq nümayiş etdirən AMİP-i və onun sədri Etibar Məmmədovu nəzarətə götürməyə çalışıb. Maraqlıdır ki, 2003-cü il prezident seçkilərindən sonra AMİP-in fəaliyyətində durğunluq meylləri gücləndi və E.Məmmədovun partiya sədri postunu tərk edəcəyi barədə məlumatlar yayıldıqdan sonra İ.Məmmədov öz vəzifəsindən istefa verdi. Nəticədə İ.Məmmədovun fəaliyyətini idarə edən dairələr onun AMİP-də qalmasının səmərə verməyəcəyini düşünərək İ.Məmmədovu başqa istiqamətdə fəallaşdırdılar. Bundan əvvəl isə o, ABŞ-ın Azərbaycandakı səfirliyində işə götürüldü. Təsadüfi deyil ki, 2003-2007-ci illər arasında İ.Məmmədovun fəaliyyəti haqqında çox az məlumata rast gəlinir. Hətta internet araşdırmamız da qənaətbəxş nəticə vermir. 2008-ci ildə isə məhz ABŞ-ın Azərbaycandakı səfirliyinin nəzarəti ilə Respublikaçı Alternativ (REAL) hərəkatı yaradılır və İ.Məmmədov onun rəhbəri olur. Bütün bunlar və İ.Məmmədovun Avropa Şurasının Bakı Siyasi Biliklər Məktəbinin direktoru vəzifəsinə gətirilməsi, onun fəaliyyətinin Qərb dairələri tərəfindən idarə olunduğu qənaətini möhkəmlədir. Beləliklə, fakt budur ki, İ.Məmmədov fəaliyyətinin əsas hissəsini Azərbaycanın maraqlarına cavab verməyən siyasət üzərində qurub, hətta onun ermənilərə loyallığı da dəfələrlə sübuta yetirilib. Məgər bu faktların özü açıq-aşkar, necə deyərlər, kor-kor-gör-gör – xəyanət deyilmi?
Söz yox ki, xəyanət bundan ötəyə ola bilməz. Haqqında bəhs elədiyimiz xəyanətkarların satqınçılıq silsilələrini bir daha xatırladıqca, əslində onların bir-birlərinə qarşı irəli sürdükləri ittihamlarının haqlı olduğunu deyə bilərik. Lakin bir məsələdə haqsızlıq və böhtançılıq edirlər. Bu gün nə xalq, nə də dövlət belələrinin “əməyinə” heç bir ehtiyac duymur, bundan sonra da duymayacaq. Onların isə alınlarında xəyanət sözü damğa kimi qalacaq.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB