"Prezident seçicilərin etimadını artıqlaması ilə doğrultdu" ÖZƏL - ŞƏRH

"Prezident seçicilərin etimadını artıqlaması ilə doğrultdu" ÖZƏL - ŞƏRH

"Fransanın rəy sorğuları keçirmək üzrə nüfuzlu “Opinion Way” şirkətinin həyata keçirdiyi növbəti sorğuda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək mövqedə yer alması ölkə başçımızın həyata keçirdiyi siyasətin vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsidir. 5 əsas məqamı özündə əks etdirən sorğunun göstəriciləri birmənalı olaraq ölkə rəhbərimizə respondentlərin inamını rəqəmlərlə ifadə edir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Sədrin sözlərinə görə, Azərbaycan vətəndaşlarının öz prezidentlərinə olan inamının əsasında dövlət başçısının həyata keçirdiyi siyasətin dövlət və milli maraqlara cavab verməsi, reallaşdırdığı islahatların hədəfində Azərbaycan insanının mənafelərini üstün tutması əhəmiyyətli faktor kimi qeyd olunmalıdır və əslində sorğunun nəticələrində təəccüblü məqamlar da yoxdur: "Azərbaycanda həyata keçirilən müsbət dəyişiklikləri hər bir azərbaycanlı gündəlik həyatında hiss edir və insanlarımız haqqlı olaraq bu dəyişikliklərin müəllifi olaraq prezidenti görürlər. Təsadüfi deyil ki, bir il öncə ölkədə keçirilən seçkilərdə xalq öz iradəsinin ifadəsi olaraq liderini müəyyən etdi. Bir il ərzində həyata keçirilən islahatlar, görülən işlər, sosial layihələr, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində qəbul edilən qərarlar, təqaüdlərin, müavinətlərin, əmək haqqlarının artırılması, əhalinin daha həssas təbəqəsini əhatə edən proqramlar birmənalı olaraq insanlar tərəfindən yüksək qiymətləndirilir və onlarda doğru seçimlərinə bir daha əminlik yaradır. Azərbaycan regionlarının inkişafına yönəlmiş konkret dövrləri əhatə edən mərhələli dövlət proqramları ilə ən ucqar rayonların siması dəyişmiş, heç vaxt yol olmayan ucqar kəndlərə müasir və yüksək keyfiyyətli yollar çəkilmiş, ən müair məktəblər tikilməklə insanlarımızın təhsil almasının əlçatan olması təmin edilmiş, müasir xəstəxanalar tikilmiş, xalqımızın səhiyyədən yararlanmaq imkanı yaxşılaşdırılmışdır. Korrupsiya əleyhinə mübarizə gücləndirilmişdir. Sahibkarlığın və biznesininkişafına yönəlik qanunvericik təkmilləşdirilmiş, iş adamlarının fəaliyyətinə mane olan əsassız yoxlamalar və müdaxilələr aradan qaldırılmışdır. İqtisadiyyatın şaxələndirilməsi və karbohidrogen ehtiyyatlarından asılılığın minimuma endirilməsi istiqamətində reallaşdırılan strategiya konkret nəticələrini verməkdədir. Regionlara səfəri zamanı prezident insanlarla birbaşa ünsiyyətə girərək onları maraqlandıran, narahat edən məsələləri müzakirə edir. Şəhid ailələrinə, hərçilərə qayğı xüsusi qeyd edilməlidir. Həmçinin, təbii fəlakətlər və bədbəxt hadisələr zamanı dövlət başçısı insanların yanında olduğunu nümayiş etdirir.

Ölkə başçısının özünün də qeyd etdiyi kimi xarici siyasətdə kimlərinsə xoşuna gəlmək mövqeyi və ya balanslaşdırılmış siyasət deyil, birbaşa milli maraqlar üstün tutulmaqla, milli maraqlara cavab verən, dövlətimizin mənafeyinə xələl gətirməyən siyasət həyata keçirilir. Dövlətimizin hərbi gücünün daha da artırılması, ordu quruculuğu istiqamətində həyata keçirilən işlər davam etdirilir. Elm, təhsil, mədəniyyət sahəsinə qayğı və diqqət artmaqdadır. Gənclərə, onların hərtərəfli inkişafına hədəflənmiş proqramlar icra edilməkdədir.

Yəni, elə bir sahə yoxdur ki, dövlət başçımızın diqqətindən kənarda qalsın və ya inkişafına diqqət yetirilməsin. Belə olan halda insanlarımızın mövqeyinin əks olunduğu istənilən obyektiv sorğu məhz xalqın öz liderinə inamını ifadə edən “Opinion Way” şirkətinin həyata keçirdiyi sorğudakı kimi real nəticələrlə eynilik təşkil edəcəkdir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə