“Bu gün Ermənistan iqtisadi, siyasi, hərbi və digər sahələrdə çox ağır bir durumda olan bir ölkədir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Kamilə Əliyeva deyib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi işğalçı ölkə üçün çox ağır bir problemə çevrilib: “Münaqişə elə bir mərhələdədir ki, artıq Ermənistan bunun içərisində çapalayır. Hətta Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan "Amerikanın səsi"nə müsahibə verərkən bildirib ki, minlərlə erməni əsgər Dağlıq Qarabağda heç nə uğrunda həyatlarını qurban veriblər. Bütün bunlar erməni cəmiyyətinin ümumi fikri, mövqeyidir. Ermənilər müharibənin, işğalçılıq siyasətinin onlara ancaq fəlakətlər gətirdiyinin dərk edirlər. Hakim rejim müstəqil olmadığından xalqla eyni mövqedə ola bilmir".
Deputat qeyd edib ki, küçə demokratı Paşinyan Vyana görüşü ərəfəsi danışıqlarda qondarma “DQR”nın da iştirakına dair sərsəm fikirlər qeyd edirdi: "Yəni, danışıqların formatının dəyişdirilməsi ilə bağlı özünün təxribatçı təkliflərini irəli sürürdü. Amma Azərbaycan sərt münasibəti fonunda, ATƏT-in Minsk Qrupunun həmsədrləri, eləcə də, Avropa ittifaqının rəsmiləri birmənalı şəkildə bu tələbi rədd etdilər və açıq şəkildə Ermənistana izah etdilər ki, mövcud format dəyişdirilə bilməz, onun dəyişdirilməsi mümkünsüzdür. Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həll olunmasında əlbəttə ki, bizim gözləntilərimiz çoxdur. Sülh danışıqları nəticə verməsə güclü və qüdrətli Azərbaycan Ordusu hərəkətə keçəcək və bu zaman Ermənistanın işğalçı Ermənistanla müqayisə oluna bilməz. Azərbaycan dövləti, xalqı, ordusu özünün qələbələrini nümayiş etdirir. Mən elə 2016-cı il aprel döyüşlərini xüsusilə qeyd etmək istəyirəm ki, qısa müddətdə Azərbaycan ordusu Ermənistanın 25 ildən çox müddətdə qurduğu müdafiə istehkamlarını dağıdaraq 2 min kvadrat metr ərazini işğaldan azad etdi. Bunla da Azərbaycan ordusu öz gücünü, qüdrətini düşmən ölkəyə nümayiş etdirdi. Eyni zamanda aprel zəfəri istər Ermənistana, istər Ermənistanın himayədarlarına, istərsə də, ikili standartlardan əl çəkməyən beynəlxalq birliklərə bir mesaj idi. Bu qələbə həm də, o demək idi ki, işğalçı ölkə sülhə gəlməsə aprel zəfəri təkrarlana bilər".
K.Əliyeva bildirib ki, istər Ermənistan xalqı, istər Paşinyanın yoldaşı, istərsə də Ermənistan rəhbərliyində olan digərləri başa düşürlər ki, Ermənistanın inkişaf etməsi və xalqının yaxşı yaşaması Azərbaycandan asılıdır: "O mənada ki, onlar nə qədər tez işğal altında olan torpaqlarımızı azad etsələr və öz ordularını torpaqlarımızdan çıxarsalar bir o qədər tez Ermənistanın inkişaf etməsi üçün bir şərait yarana bilərlər. Münaqişənin uzanması işğalçının ziyanınadır. Azərbaycan Ordusu Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə işğal altında olan torpaqlarımızı ən qısa müddətdə azad etməyə qadirdir. Bunun üçün həm də, Azərbaycan dövlətinin hər bir gücü və imkanı var. Ona görə də, Ermənistan tərəfi reallığı dərk etməli və danışıqlar masası ətrafında konkret addımlarını atmalıdırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB