Umud Rəhimoğlu: "Müharibə ilə bağlı mesaj Ermənistanda çaşqınlıq və qorxu yaradıb" RƏY-ÖZƏL

Umud Rəhimoğlu: "Müharibə ilə bağlı mesaj Ermənistanda çaşqınlıq və qorxu yaradıb" RƏY-ÖZƏL

"Ermənistan rəhbərliyi başa düşür ki, artıq Azərbaycan elə bir hərbi gücə sahibdir ki, bu gücə meydan oxumaq intihar olar". Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu deyib. Onun sözlərinə görə, bunu biz son GFP-nin yayımladığı (Global Firepower) siyahısında da gördük: "Ordumuz öz hərbi göstəricilərinə görə, dünyanın ən güclü orduları sırasında 52-ci yerdə qərarlaşıb. Ermənistan isə 96-cı yerdədir. Azərbaycan qeyd-şərtsiz Cənubi Qafqaz regionunun lider dövlətidir. Məlum olduğu kimi Ermənistan müdafiə naziri David Tonoyan Vyana görüşlərindən sonra sərsəm bir açıqlama vermişdi. O, ölkəsinin baş naziri Vyanada sülh variantlarını müzakirə etdiyi bir vaxtda Nyu-Yorkda həyasızca yeni Azərbaycan ərazilərinin işğalından danışdı. Maraqlıdır ki, onun ağır nəticələrə səbəb ola biləcək bəyanatına Paşinyan dəstək verdi. Təbii ki, bütün bunlar Ermənistandakı hakimiyyətinin daxili auditoriya üçün oynadığı teatr tamaşasından başqa bir şey deyildi. Ancaq Azərbaycan bütün bunlara səssiz qala bilməzdi və qalmadı da. Azərbaycan Prezidenti aprel hadisələrinin il dönümü ilə bağlı təmas xəttində əsgərlərlə görüş zamanı açıq bir şəkildə bəyan etdi ki, Azərbaycan ordusu öz gücünü göstərməyə hazırdır. Bunun ardınca aprel ayının 6-da, Moskvada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qeyd etdi ki, "Ermənistan ya mənimlə razılığa gəlməli, ya da müdafiə nazirimizlə danışmalı olacaq". Bu sərt bəyanatdan bir neçə saat sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənov orduya "döyüşə hazır ol" əmri verdi. Bütün bunlar Tonoyan və Paşinyan başda olmaqla bütün Ermənistan hökumət üzvlərində böyük bir çaşqınlıq və qorxu yaratdı. Ermənistan rəhbərliyi bir daha başa düşdü ki, Azərbaycanla danışıqlardan yayınmaq nə qədər təhlükəli bir addım ola bilər. Ona görə də Ermənistan müdafiə naziri Tonoyan bu gün açıqlama verərək bildirib ki, "Azərbaycanın müharibə hədələrinə qarşı sülhlə cavab verəcəyik və biz müharibə istəmirik". Bu açıqlama Tonoyan başda olmaqla bütün Ermənistan hökumətinin geri addımı kimi qiymətləndirilməlidir. Çünki onlar da başa düşür ki, Azərbaycanın gücü qarşısında durmaq mümkün deyil. Lakin Tonoyan başda olmaqla bütün Ermənistan ictimaiyyəti bilməlidir ki, Qarabağ azad edilmədən heç bir sülh imkanı mövcud deyil. Sözün düzü, Dağlıq Qarabağ azad edilmədən münaqişənin həlli ilə bağlı heç bir razılıqdan söhbət gedə bilməz. Sadəcə Vyana görüşlərində bir daha tərəflər "3+2 format"ında danışıqların davam etdirilməsi barədə razılığa gəliblər. Bu da Azərbaycanın diplomatik səylərinin nəticəsi olaraq baş tutub. İlkin razılıq yalnız o halda əldə edilə bilər ki, işğalçı ordu Azərbaycan ərazilərindən çıxacaq. Yalnız bu variantda Azərbaycan tərəfi ilkin razılıq üçün qarşı tərəflə uzlaşa bilər. Həmsədrlərin münaqişənin həlli ilə bağlı ilkin razılığın əldə olunması istiqamətində fikirlərinə gəlincə deyə bilərik ki, artıq 30 ilə yaxındır ki, bu tipli bəyanatları dinləyirik. Bu 30 il bir daha göstərmişdir ki, ATƏT münaqişənin həlli üçün heç bir real imkana sahib deyil. ATƏT-in, o cümlədən, BMT-nin qəbul etdiyi qətnamələr Ermənistan üçün heç bir əhəmiyyət kəsb etmir. Hətta Ermənistan müdafiə nazirinin yeni ərazilərin işğalı ilə bağlı açıqlamasına ATƏT heç bir rəsmi münasibət bildirmədi. Həmçinin qeyd etmək istəyirəm ki, Paşinyan "biz əraziləri sülhə dəyişməyəcəyik" fikri əsasında Qarabağ siyasəti yürüdür. Bu siyasətə ATƏT-in mandatına, onun diplomatik missiyalarına ziddir və ATƏT prinsiplərinin birbaşa inkarıdır".

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə