Yeni əsrin Yeni Lideri İlham Əliyevin 16 illik Prezidentlik fəaliyyəti dövründə Azərbaycan inamla irəliləyir
Xalqları dünyada məşhurlaşdıran təkcə onların zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətləridir. Belə fenomen şəxsiyyətlərin müəyyənləşdirdiyi yol, hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilməklə, onun dünya arenasında özünə layiqli yer tutmasını təmin edir.
Belə nadir şəxsiyyətlərdən biri, müasir müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək alternativsiz Lider İlham Əliyevin 16 illik Prezidentlik və 2018-ci il aprelin 11-də xalq tərəfindən seçilərək rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Onunla hesablaşırlar, Ona hörmət və ehtiramla yanaşırlar.

Yeni əsrin, yeni Lideri
Bəli, Prezident İlham Əliyevin 16 illik Prezidentlik fəaliyyəti nəticəsində, Azərbaycan inamla irəli inkişaf etməkdədir. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Prezidentimiz mötəbər beynəlxalq təşkilatların - BMT-nin, NATO-nun, ATƏT-in kürsülərində inamlı, cəsarətli, məntiqi çıxışları ilə diqqəti cəlb edir, milli mənafeləri bütün səviyyələrdə qətiyyətlə qoruyur və müstəqil xarici siyasət yürüdür. Qlobal böhranlardan çıxış yolları axtarışında Onun fikrinə, rəyinə hörmətlə yanaşılır. Məhz Prezident İlham Əliyevin düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Ən əsas amil isə, Onun siyasətinin mərkəzində insan amili dayanır. Çünki Onun həyat fəlsəfəsi xalqa xidmət etmək və hər bir azərbaycanlının Prezidenti olmaqdır.

Düşünülmüş siyasət, uğurlu nəticələr...
Məhz Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində, ölkə iqtisadiyyatı sürətli və dinamik inkişaf dövrünə qədəm qoydu. Belə ki, Azərbaycanın iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artdı, qeyri-neft ixracı 4,1 dəfə çoxaldı. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan 46 milyard dollara çatdırıldı. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyuldu. Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə, dünya miqyasında 35-ci, ümumi infrastrukturun inkişafına görə isə, 26-cı yerdə qərarlaşdı. Forumun "İnklüziv inkişaf indeksi" adlı illik hesabatında Azərbaycan inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəldi. Dünya Bankı tərəfindən yayılan "Doing Business 2019" hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək, ən çox islahat aparan ölkə elan olundu. Eyni zamanda, aqrar sektorun geniş inkişaf yoluna çıxması nəticəsində, Azərbaycan indi özünün ərzaq təhlükəsizliyini təmin edən nadir ölkələrdən birinə çevrilib.
Prezidentin təşəbbüsü ilə "ASAN xidmət" mərkəzlərinin yaradılması, bununla da dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi, daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə, həyata keçirilən elektron xidmətlərə keçidin sürətləndirilməsi təmin olundu. Bu mərkəzlərə 2013-2018-ci illər ərzində 24 milyona yaxın müraciət daxil olub, xidmətlərin əhali arasında bəyənilmə əmsalı 100 faizə yaxınlaşıb. Təsadüfi deyil ki, Azərbaycan brendi olan "ASAN xidmət" dünyada böyük maraq doğurub və bu təcrübə bir sıra ölkələr tərəfindən öyrənilir.

Azərbaycan müstəqil xarici siyasət yürüdən ölkədir
Prezident İlham Əliyevin ölkəmizin müstəqillik dayaqlarını möhkəmləndirməklə bağlı fəaliyyəti daha çox xarici siyasətdə özünü göstərdi. Məhz Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və qəbul edilir. Məhz Prezident İlham Əliyevin müəyyənləşdirdiyi hücum diplomatiyası nəticəsində, erməni təbliğatı və erməni lobbisinin yaratdığı mif darmadağın edildi. Beynəlxalq təşkilatların diqqəti bu problemə yönəldi. Dövlətimizin başçısının enerji siyasəti ilə bağlı təşəbbüsləri və reallaşan layihələr regional çərçivələrdən çıxaraq, qlobal miqyas alıb. 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. 2014-cü il sentyabrın 20-də Avropanın enerji təhlükəsizliyinin, həmçinin, Azərbaycanın perspektiv inkişafının və iqtisadi maraqlarının təmin edilməsində böyük rol oynayacaq "Cənub Qaz Dəhlizi"nin təməli qoyuldu. 2018-ci il mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi"nin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi keçirildi. TAP layihəsinin icrası isə qrafik üzrə davam etdirilir. 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış "Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş"in ("Əsrin müqaviləsi") müddəti 2017-ci il sentyabrın 14-dən 2050-ci ilə qədər uzadıldı. Bu hadisə Azərbaycanda uzun illər bundan sonra da neftin hasilat səviyyəsinin sabit qalmasına, neft sektoruna xarici investisiya qoyuluşunun təmin olunmasına imkan yaradıb.

Regionların sosial-iqtisadi inkişafı ilə şəhərlə kənd arasında fərqi aradan qaldırdı
Bu gün, həqiqətən də, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın regionları bütün zəruri infrastrukturla təmin olunub və Avropanın şəhər və kəndlərindən heç də geri qalmır. Prezidentin tapşırığına əsasən, Azərbaycan başdan-başa qazlaşdırılır. Artıq ölkə əhalisinin təxminən 90 faizə yaxını təbii qazdan istifadə edir. Kəndlərə içməli su xətləri çəkilir, yeni yollar salınır və ya əsaslı təmir olunur. Dövlətimizin başçısının regionlara səfərləri, ictimaiyyətlə görüşləri ənənəvi xarakter alıb. Prezident İlham Əliyev yerlərdə inşa olunan müasir ictimai-sosial obyektlərin, istehsal müəssisələrinin açılışında şəxsən iştirak edir.
Müharibə şəraitində yaşayan, torpaqları işğal altında olan ölkə üçün ordu quruculuğu həyati əhəmiyyətə malik məsələlərdən biridir. Bunu nəzərə alan Prezident, Ali Baş Komandan İlham Əliyev hakimiyyətinin ilk illərindən müasir silahlarla təchiz olunan, yüksək döyüş qabiliyyətinə malik ordu yaradılması istiqamətində davamlı və qətiyyətli iş aparır. Bu gün dünya miqyasında formalaşan ən güclü ordumuz düşmən tapdağı altındakı torpaqlarımızı azad etməyə qadirdir.
Belə ki, Azərbaycan tarixinə zəfər səhifələrindən biri kimi daxil olan aprel döyüşlərində qəhrəman ordumuz Ermənistanın təxribatına cavab olaraq keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə, 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. Bu döyüşlərin ən mühüm yekunu Lələtəpə yüksəkliyinin azad olunması, Cocuq Mərcanlının təhlükəsizliyinin təmin edilməsi, qısa müddətdə bərpa olunaraq, orada 150 evdən ibarət qəsəbə tikilməsi və köçkünlərin öz doğma yurdlarına qayıtması, məhz Prezident İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsidir.

Sosial siyasət, inqilabi islahatlar, vətəndaşlara qayğı...
Prezident İlham Əliyev hakimiyyətə gəldiyi 2003-cu ildən Onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. İlham Əliyev ilk dəfə prezident seçiləndə, ölkədə 600 min yeni iş yerinin yaradılacağını vəd etmişdi. Ötən 16 ildə Azərbaycanda 1 milyon 900 min yeni iş yeri yaradıldı, yoxsulluq 50 faizdən 5 faizə düşdü, maaşlar 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artırıldı. Əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində ardıcıl addımlar atılır. Son 16 ildə ölkədə minlərə məktəb binası tikildi və ya yenidən quruldu, geniş bazaya malik təhsil infrastrukturu yaradıldı, dörd mindən çox məktəb kompüter avadanlığı ilə təmin edildi.
Son 16 il ərzində şəhid ailələrinə və müharibə əlillərinə dövlət hesabına 5500-dən çox fərdi ev və mənzil, 6 mindən çox minik maşını verildi. Şəhidlərin vərəsələrinin maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə onlara dövlət tərəfindən 11 min manat vəsait verilməsi Sərəncamını imzaladı. Təqribən, 10 minə yaxın ailə dövlət tərəfindən bu pul təminatını alacaq.
2003-2018-ci illərdə məcburi köçkünlərin problemlərinin həlli sahəsində genişmiqyaslı işlər görüldü, ölkədəki bütün çadır düşərgələri, fin tipli qəsəbələr ləğv edildi, yeni salınmış 100-dən artıq qəsəbə və şəhərcikdə 265 min nəfər məskunlaşdırıldı.
Beləliklə, bütün real faktlar ölkə Pezidenti İlham Əliyevin müstəqil Azərbaycanın və xalqının qarşısındakı prezidentlik fəaliyyətinin daha güclü inkişaf, daha firavan həyat və daha qüdrətli dövlət faktorudur ki, artıq bu amil özünü növbəti dəfə aprelin 11-də təsdiqləmiş oldu!
Fərrux Haqverdiyev,
YAP Xızı rayon təşkilatının sədri







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB