Aprel döyüşlərinə həsr olunan tədbir keçirilib TƏDBİR-VİDEO-FOTOLAR

Aprel döyüşlərinə həsr olunan tədbir keçirilib TƏDBİR-VİDEO-FOTOLAR

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində Aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş “Aprel döyüşlərinin zəfər bayraqlarına düzlən” devizi altında hərbi vətənpərvərlik bayramı keçirilib. SİA-nın verdiyi məlumata görə, Müdafiə Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Aprel döyüşlərində, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarında və keçən ilin mayında Naxçıvan Muxtar Respublikasında uğurlu əks-hücum nəticəsində bir çox strateji yüksəkliklərin ələ keçirilərək min hektarlarla ərazilərin nəzarətə götürülməsində müstəsna xidmətləri olmuş hərbi hissələrin Bakıda, Azadlıq meydanında keçirilən hərbi paradlarda nümayiş etdirilən döyüş bayraqları meydana gətirilib.

Bayram tədbirində Milli Məclisin deputatları, müharibə veteranları, ayrı-ayrı ali təhsil müəssisələrinin nümayəndələri, universitetin professor, müəllim, tələbə heyəti ilə yanaşı, Aprel zəfərinin qazanılmasında xüsusi xidmətləri olan hərbi qulluqçular, generallar, zabitlər əsgərlər, eləcədə Xüsusi Təyinatlı Hərbi təhsil müəssisələrinin kursantları iştirak edirlər.

Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi – Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini general-mayor Rasim Əliyev, İqtisad Universitetinin rektoru Ədalət Muradov çıxış ediblər.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan əsgəri 2016-cı il aprelin əvvəllərində əks-hücum əməliyyatı ilə düşmənin layiqli dərsini verib, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altında olan 2000 hektardan çox ərazisi azad edilib, minlərlə hektar torpaq Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Müdrik və qətiyyətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Aprel zəfəri Azərbaycan dövlətinin və Azərbaycan Ordusunun şanlı qələbəsidir. Bu qələbə ordumuzun gücünü, dövlətimizin qüdrətini və xalqımızın həmrəyliyini göstərdi. Düşmən ordusu bir həmləmizlə biabırçı məğlubiyyətə uğradı və illər boyu bərkidib betonladığı, dinc əhalinin başına güllə, mərmi yağdırdığı mövqelərdən bir gecədə qovulub çıxarıldı. Düşmən təkcə məğlub edilmədi, o, həm də sındırıldı. Ermənilər Azərbaycan Ordusundan qat-qat gücsüz olduqlarını etiraf etdilər.

Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin xüsusi ssenari əsasında qurulan tədbirdə Azərbaycan incəsənət ustaları, H.Aslanov adına Mərkəzi Zabitlər Evinin mahnı və rəqs ansamblının kollektivi konsert proqramı ilə çıxış ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə