"Müharibə əlilləri diqqət və qayğı ilə əhatə olunub" RƏY-ÖZƏL

"Müharibə əlilləri diqqət və qayğı ilə əhatə olunub" RƏY-ÖZƏL

“Bildiyiniz kimi aprelin 3-də, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində yüksək texnologiyalı protezlərlə təmin olunan Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərlə görüşüb. Bu görüş bir daha göstərir ki, Qarabağ müharibəsində o cümlədən Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin sağlamlıqlarının bərpa olunması, fəal həyata qayıtmaları üçün müvafiq tədbirlərin görülməsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın daimi nəzarətindədir və bu şəxslər onun diqqət və qayğısı ilə əhatə olunub”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsinin həyata keçirildiyini xatırladan deputat söyləyib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün və konstitusiya quruluşunun müdafiəsi zamanı əlilik qazanmış şəxslərin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunması məqsədilə Protez-Ortopedik Bərpa Mərkəzinin nəzdində xüsusi sex yaradılıb: “2017-ci ildə Heydər Əliyev Fondunun və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə yaradılan işçi qrupu tərəfindən 2016-cı il Aprel döyüşləri zamanı yaralanmış və protezlərə ehtiyacı olan hər bir əsgər və zabitlərlə görüşlər keçirilib onlar yüksək texnologiyalı protezlərlə təmin olunublar. Artıq bu layihənin ikinci mərhələsi yekunlaşıb. Qarabağ müharibəsi əlillərinə dövlət qayğısı sahəsində dəstək məqsədi daşıyan bu layihənin davamı olaraq 2018-ci və 2019-cu illərdə daha bir qrup Qarabağ müharibəsi əlili Heydər Əliyev Fondunun dəstəyi ilə yüksək texnologiyalı protezlərlə təmin olunub”.

R. Əliyev vurğulayıb ki, ümumilikdə layihə çərçivəsində protezlərlə təmin olunan 100-dən çox Qarabağ müharibəsi əlili artıq aktiv həyata qayıdaraq əmək fəaliyyətlərini davam etdirir: “Tətbiq olunan yeni protezlərin texniki imkanları amputasiya olunmuş hissə ilə hərəkət uyğunluğu yaradır. Bunun sayəsində protezlə ayaq və yaxud əl bir-birinə maksimum uyğunlaşmış olur. Bu tədbirlərin həyata keçirilməsi imkan yaradır ki, xidməti vəzifələrini yerinə yetirərkən sağlamlıqlarının itirən zabitlər və əsgərlər özlərini cəmiyyətdən kənar hiss etmirlər və dinamik həyat fəaliyyəti ilə məşğul olan insanların arasındadırlar. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın görüş iştirakçılarına müraciətində qeyd olunur ki, “Azərbaycan dövləti və Azərbaycan xalqı üçün hər bir əsgər əzizdir, dəyərlidir. Sizin sağlamlığınızın bərpası və normal həyata qayıtmağınız üçün Azərbaycan dövləti lazımı addımları atır və bundan sonra da atacaqdır. Azərbaycan dövləti Sizin fəaliyyətinizi yüksək qiymətləndirir, Sizin kimi mərd və cəsur oğullarının olması ilə fəxr edir”.

Deputat qeyd edib ki, görüş bir daha göstərdi ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda sağlamlıqlarını itirmiş əsgər və zabitlərimiz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunub, bu şəxslərin həyat və fəaliyyətləri ilə bağlı bütün məsələlər yüksək səviyyədə həll edilir və bu belə də olacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə