Müsavat - AXCP söyüşməsi “Milli Şura” və mitinq kontekstində QARŞIDURMA
Və ya küfrün biri bir qəpikdən...
Əslində, Müsavatla AXCP arasında uzun illərdən bəri davam edən barışmaz savaşın bu gün daha sərt şəkildə davam etməsinə səbəblərdən biri də artıq neçə gündür səngiməyən mitinq söhbətidir. Beləliklə, “Milli Şura” kontekstində baş verən hadisələrin söyüş və küfrə səbəb olması cəbhəçilərlə müsavatçılar arasındakı düşmənçilikdir.
Müxalifətin "konsert" proqramları dəyişilməyib…
Yeri gəlmişkən, biz bu iki partiyanın bənzər savaşlarını daha öncələr də görmüşük, şahidləri olmuşuq. Gah “Milli Şura”-AXCP cütlüyü ayrı, gah da müsavatçılar ayrı şəkildə mitinqlər keçirərək, bu vasitə ilə müxalifətin parçalanmasına necə deyərlər, xidmət göstəriblər. Hətta elə olub ki, müsavatçıların aparıcı funksionerləri “Milli Şura”nın mitinqini kənardan seyr etsələr belə, AXCP rəhbərliyi onları ümumiyyətlə görməməzliyə vurub, salamlamayıb da. Bu, elə də uzaqda olan tarix deyil, əksinə, yaxın zamanların hadisələridir. Yəni müxalifətin "konsert" proqramları dəyişilməyib…
Artıq sosial şəbəkələrdə buynuz-buynuza gələn “qoçlar” son güclərini toplayıb bir-birlərinə ən ağır, hətta ölümcül zərbə vurmağa çalışırlar.
AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilov: “Müsavatçılar, yaxşı hərəkət eləmirsiniz”
Bu arada, Fransada mühacir həyatı yaşayan AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun paylaşdığı status siyasi qurumlar arasında yanan odun üzərinə sanki benzin töküb. “Müsavat funksionerləri ilə mübahisə etmək fikrimiz yoxdur. Əlimizdə vacib iş var”, deyə yazan AXCP təmsilçisi bununla müsavatçıları necə deyərlər aşağılayıb, öz fəaliyyətlərini qarşı tərəfin fəaliyyətindən vacib hesab edib.
O qeyd edib ki, “Milli Şura” da, Müsavat partiyası da ayrı-ayrılıqda mitinq müraciətlərini davam etdirir. Ancaq bu zaman fərqli taktikadan istifadə olunur. Belə ki, mitinqlər hər zaman “Məhsul" stadionuna və 6-cı günlərə təyin olunub. Müsavat Partiyası isə mitinq üçün başqa meydanlar tələb edib, hazırkı mərhələdə yürüşlərə və bazar günü mitinqlərinə icazənin verilmədiyi halda məhz bazar günləri, yürüş tələb olunub: “Bununla da ictimaiyyətə əvvəlcədən məlum olub ki, elan olunmuş bu yürüş-mitinq faktiki keçirilməyəcək. Əlbəttə, bazar günləri, üstəlik də yürüşlər keçirmək Müsavat partiyasının hüququdur”, yazan Ədilov dolayısı ilə müsavatçıları hakimiyyətə işləməkdə ittiham edərək bildirib ki,
Müsavatçıların həftənin bazar günlərində yürüşlü mitinq istəməsi “Milli Şura”-AXCP cütlüyünün mitinqlərinin sönük keçməsi marağına hesablanıb. AXCP-çi funksioner əksinə, müsavatçıların mitinq keçirə bilməyəcəklərini iddia edib və buna görə “Milli Şura”nın mitinq qərarına pəl vurduqlarını yazıb. “Baş tutmayacağı əvvəlcədən məlum olan mitinq müraciətinə görə bütün həftəni məşğul etmək, başqalarının və həm də real mitinq keçirmək məqsədilə etdiyi mitinq təşəbbüslərinə qısqanclıqla yanaşmaq, üstəlik, müxalifətdaxili münasibətləri gərginləşdirmək üçün ardıcıl təşəbbüslər göstərmək, yumşaq desək, heç də yaxşı hərəkətlər deyil", deyə N.Ədilov qarşı tərəfə ismarıcını yollayıb.
Müsavatın mətbuat xidmətinin rəhbəri: Mustafa Hacıbəyli: “Rəhbərliyiniz nə zamansa, buna görə isah verməli olacaq”.
Lakin müsavatçıların və tərəfdarlarının cavabları gecikməyib. Belə ki, Müsavat partiyasının başqanı Arif Hacılının qardaşı, təşkilatın mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli əksinə olaraq qeyd edib ki, əslində müsavatçılar deyil, cəbhəçilər və “Milli Şura” üzvləri onların mitinq-yürüş ideyalarına qarşı çıxış edir, bu vasitə ilə hakimiyyətə işləyirlər. “Yaxşı olardı ki, cəbhəçilər nəyə görə birgə mitinq keçirmək ideyasını dəstəkləmədiklərini izah etsinlər”, deyə qeyd edən Hacıbəyli bu vasitə ilə AXCP sədri Əli Kərimlinin bostanına daş atıb və onu bütün müxalifəti parçalamaq əmrini yerinə yetirdiyini iddia edib: “Rəhbərliyiniz nə zamansa, buna görə isah verməli olacaq”.
Daha ağır təhqirlərə start verilib
Lakin cəbhəçilər N.Ədilovun statusu altında başladılan virtual müharibəyə daha aqressiv münasibət sərigləyiblər. Misal üçün, AXCP-nin Nizami rayon şöbəsinin sədri Paşa Umudov Müsavat funksionerinin qaşınmayan yerdən qan çıxardığını bildirərək, əslində mitinqlə bağlı rəqiblərini qabaqlamaq ənənəsini Müsavatın gətirdiyini iddia edib. Müsavat partiyasının Səbayel rayon şöbəsinin sədri Zakir İsmayıl isə öz növbəsində həmin rəyə cavabında şöbə sədrini yalan danışmaqda ittiham edib və ağır söyüş yazıb. P.Umudov onu təhqir etdiyi üçün Z.İsmayılı mədəniyyətsiz adlandırıb. Bundan sonra tərəflər bir-birilərini ən ağır şəkillərdə təhqir etməyə davam ediblər.
Müsavatçı Tofiq Yaqublu “Milli Şura”nı dəstəklədiyinə görə müsavatçılar tərəfindən xain adlandırıldı
Növbəti maraqlı məqam isə, hələ də Müsavat partiyasının üzvü olmasına rəğmən, AXCP sədri Əli Kərimlinin dirijor çubuğu ilə idarə edilən, üstəlik “Milli Şura”da koordinasiya şurasında təmsil olunan Tofiq Yaqublu ilə bağlıdır. O, mövzu ilə bağlı paylaşdığı statusda “Milli Şura”nın qərarının əvvəldən olduğunu söyləyib və faktiki olaraq, təmsil olunduğu Müsavat partiyasına qarşı xəyanətini davam etdirib. Ona görə də, onun bu fikirləri müsavatçıların kəskin etirazlarına səbəb olub. Hətta T.Yaqublunun ya Müsavatı, ya da AXCP-ni seçməsi ilə bağlı qarşısına tələb qoyulub. Məsələn, Müsavat partiyasının məclis üzvü Valeh Hümmətoğlu statusun altından yazıb ki, T.Yaqublu “Milli Şura”nın tərəfini tutmaqla müxalifətin birliyinə zərbə vurur və birgə mitinqlərdən imtina edir. “1998-ci və 2003-cü ilin taktikası”, deyə müsavatçı funksioner xatırladıb.
Nəticədə rəylərdə söyüş söyən müsavatçılar və cəbhəçilər ən ağır formada bir-birilərini ağır şəkildə təhqir ediblər. Bu vəziyyət hal-hazırda da davam etməkdərir. Necə deyərlər, söyüşün biri bir qəpikdən…
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB