Namiq Əliyev: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir” RƏY-ÖZƏL

Namiq Əliyev: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir” RƏY-ÖZƏL

“İşğalçının aprel xofu Azərbaycan Ordusunun aprel zəfəri, təkcə Dağlıq Qarabağ münaqişəsinin tarixində deyil, bütövlükdə hərb tariximizdə xüsusi yeri olan hadisədir”. Bunu SİA-ya açıqlamasında “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib. Onun sözlərinə görə, artıq orta məktəblərin Tarix dərsliklərində bu qələbə öz əksini tapıb: “Prezident İlham Əliyevin dediyi kimi, aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Münaqişənin başlamasından keçən uzun illər ərzində ermənilər belə bir mif yaratmışdılar ki, onların ordusu “məğlubedilməzdir”, təmas xəttində qurduqları müdafiə sədləri keçilməzdir. Azərbaycan Ordusunun sayca kiçik bir hissəsi, qəhrəman əsgər və zabitlərimiz bir neçə saatlıq döyüş nəticəsində ermənilərin öz orduları haqda yaratdıqları əfsanəni darmadağın etdilər. Bir fakt öz təsdiqini tapdı ki, ötən əsrin 90-cı illərində torpaqlarımızın işğalı, təkcə erməni ordusunun gücü ilə bağlı deyildi. Ərazilərimizin itirilməsi o dövrdə Azərbaycanda yaranan xaosun, qarşıdurmanın, hakimiyyət uğrunda mübarizənin, səriştəsiz adamların iqtidara gəlməsinin nəticəsi idi. Prezidentimiz çıxışlarının birində bu haqda belə deyirdi:” Ermənistan, onların havadarları bu vəziyyətdən istifadə edərək xarici dəstək, xarici müdaxilə hesabına bizim torpaqlarımızı işğal etmişdir. Bu, tarixdir, biz bu tarixi bilirik və gənc nəsil də tarixi olduğu kimi bilməlidir”. Aprel zəfəri onu göstərdi ki, nə Azərbaycan dövləti, nə də xalqı torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq, gec-tez düşmən tapdağı altında olan ərazilərini azad edəcək. Bunu həm ermənilər, həm də onlara dəstək verən xarici qüvvələr də artıq anlayıblar. Təsadüfi deyil ki, Aprel döyüşlərindən sonra yaranan xof və qorxu nəticəsində Ermənistandan miqrant kimi xarici ölkələrə axın edənlərin sayı artdı. Həmin günlərdə Azərbaycan xalqı öz vətənpərvərliyini bir daha sübut etdi. Təmas xəttinə yaxın ərazilərdə yaşayan yüzlərlə gənc silahsız və qorxmadan döyüş bölgəsinə getdilər, dinc əhaliyə yardım göstərdilər. Böyük şəhərlərdə gənclər könüllü olaraq səfərbərliklə məşğul olan qurumlara müraciət edərək, ön cəbhəyə getmək istəklərini bildirdilər. Təmas xəttinə yaxın yerlərdə yaşayan insanlar da cəsarət göstərərək evlərini, kəndlərini tərk etmədilər. Bütün bunlar xalqda böyük ruh yüksəkliyi yaratdı. Ermənilərdə isə əksinə, ruh düşgünlüyü yaranmışdı, onlar özləri vuruşmaq əvəzinə sosial şəbəkələrdə, KİV-lərdə səs-küy
salırdılar ki, “niyə müttəfiqlərimiz bizə kömək etmir?” Bu açıqlamalar bir daha sübut etdi ki, Ermənistan Azərbaycan torpaqlarını xarici güclərin dəstəyi hesabına işğal altında saxlaya bilir. Tarixi zəfərdə Azərbaycan Ordusunun müasir silahlarla təmin edilməsinin rolu böyük oldu. Bu, onu sübut etdi ki, dövlətin müasir silahlara, döyüş ləvazimatlarına sərf etdiyi vəsait boşuna xərclənməyib. Hətta Ermənistanın o vaxtkı rəhbərliyi də texniki baxımdan Azərbaycan Ordusunun üstünlüyünü beynəlxalq səviyyədə etiraf etməyə məcbur oldu. Onu da xatırladaq ki, həmin kriminal rəhbərliyin hakimiyyətdən uzaqlaşdırılmasında Aprel qələbəsinin rolunun olması amili siyasətçilər tərəfindən qəbul edilir. Bu amil Ermənistanın yeni hakimiyyətinin münaqişənin həlli ilə bağlı danışıqlar masası arxasına qayıtmasında da öz rolunu oynadı. Xalq-iqtidar birliyinin güclənməsi baxımından da Aprel zəfərinin əhəmiyyəti əvəzsizdir. Bir daha təsdiq olundu ki, əgər xalqla hakimiyyət çətin anlarda birlikdə hərəkət edirlərsə, qələbə daha yaxın olur”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə