Son vaxtlar sosial şəbəkələrdən gen-bol istifadə edən bəzi "vətənpərvərlər" ağızlarına gələni köçürüb videolentə, yayırlar aləmə. Doğrusunu deyim ki, belə çıxışlara qulaq asmaqdan, hər kəs kimi, mən də bezmişəm. Bilmirəm, məntiqsiz, dünyada və regionda gedən proseslərdən baş çıxarmayan, dövlət və dövlətçilik haqqında bilikləri sıfıra bərabər olan, olayları öz cılız düşüncələrinin imkan verdiyi qədər "təhlil" edib camaata ibrət dərsi verməyə cəhd edənlər bu ölkənin sabahına vurduqları zərbənin fərqindədirlərmi görəsən? Bəziləri də bu çıxışların mahiyyətinə varmadan, onu paylaşır və altından ibarəli cümlələrlə təriflər də yazırlar.
Olsun, demokratik cəmiyyətdir, hər kəs düşüncəsini paylaşa bilər. İnkişafımıza zərərli olsa da, bu da bir keçiddir və yəqin ki, danışa-danışa hər kəs içindəkini töküb, sonda həqiqətin yolunu dərk edəcək. Ancaq hər bir azərbaycanlı üçün qaçılmaz olan bir mövzu var ki, o barədə danışan hər kəsin dediklərinə qulaq asmağa məhkumuq. Çünki bu mövzuda danışmaq həm asandır, həm də çətin. Asandır, ona görə ki, Qarabağ dərdi hər birimizin içində hələ də irinləyən bir yaradır və bu yaranın ağrısı az-çox vətən dərdini daşıyan hər kəsin qəlbində var. Çətindir ona görə ki, bu mövzuda danışıb insanları çaş-baş salmaq bizə həddən artıq baha başa gələ bilər.
Bu günlərdə kifayət qədər yaxşı tanıdığım, vətənpərvər ziyalılığına qətiyyən şübhə etmədiyim, iyirmi ildən artıqdır ki, "Qarabağ Azadlıq Təşkilatı" kimi mötəbər bir quruma rəhbərlik edən Akif Nağının ictimaiyyətə yeni bir müraciətinə qulaq asdım. Akif bəyin həm bu, həm də buna qədərki çıxışlarında bəzi ziddiyyətlər olmasına baxmayaraq, həm də yuxarıda dediyim bəzi "milliət fədailəri" kimi boğazdan yuxarı danışmadığına da əminəm. Akif bəyin qoyduğu bəzi məsələlərin rəsmi dövlət qurumları tərəfindən diplomatiya və beynəlxalq baxış acısından dəstəklənməməsini də təbii qarşılayıram. Ancaq Akif bəyin son çıxışında toxunduğu bir məqama münasibət bildirməməyi özümə borc bildim. Akif bəy çıxışında cəmiyyətin Qarabağın azadlığı uğrunda təşkiltlana bilməməsini, birinci savaş zamanı da təşkilatlana bilməməyimiz ucbatından, məğlub olduğumuzu qeyd etdi və hər kəsi təşkilatlanma işinə qoşulmağa çağırdı. Əvvəla, müharibə dövlət tərəfindən aparılır və hər kəs missiyanın dövlət tərəfindən həyata keçiriləcəyinə inanır. Odur ki, Akif bəyin Qarabağ uğrunda təşkilatlanmaq deyəndə, nəyi nəzərdə tutduğu qaranlıq qalır. Ermənilərə qarşı terror təşkilatlarmı yaradılmalıdır? Beynəlxalq hüquq Azərbaycana torpaqlarını işğaldan azad etmək ixtiyarı verirsə, niyə Qarabağ uğrunda təşkilatlanmanı dövlətdən kənarda axtarmalıyıq? Bu, məsələnin bir tərəfi. İkinci tərəfi isə, odur ki, ixtisasca tarixçi olan A.Nağının yaxın tariximizi unutması və ya ona obyektiv yanaşmaması qəribə görünür. 1988-ci ildə başlanan "Qarabağ oyunu", müstəqil dövləti olmayan, SSRİ rəhbərliyinin dəstəyinə arxalanan haylarla üzbəüz qalan, kənardan nə maddi, nə də mənəvi köməyi olmayan, yeganə dayağı olan Ulu Öndər Heydər Əliyevin də SSRİ rəhbərliyindən kənarlaşdırılması ilə bağlı bu dəstəkdən də məhrum edilən xalqımızın güclü təşkilatlanması sayəsində Qarabağ hüquqi baxımdan Azərbaycanın tərkib hissəsi kimi qaldı. Nəticədə, SSRİ dağılarkən, beynəlxalq qurumlar və dünya dövlətləri Qarabağı, məhz Azərbaycanın tərkib hissəsi kimi tanımalı oldu ki, bu gün biz bu torpaqların Ermənistan tərəfindən işğalını qətiyyətlə iddia edə bilirik. İstərdim ki, 1989-cu ilin iyulunda, SSRİ Ali Sovetinin Dağlıq Qarabağ üzrə komissiyası (tanınmış yazıçı Oleynikov həmin komissiyanın sədri idi) problemlə yerində tanış olmaq məqsədilə Qarabağa gələndə, Şuşada və Xocalıda onlarla üz-üzə gələn xalqın nə qədər yetkin və təşkilatlanmış olduğunu hər kəs xatırlayaydı. O zaman bizlərə məlum idi və sonradan bunu Oleynikov da etiraf etdi ki, M.Qorbaçov SSRİ Ali Sovetinin növbəti sessiyasında DQMV-nin Ermənistanın tərkibinə verilməs haqqında qərar da hazırlamış, məhz həmin komissiyanın sədrinin və üzvlərinin rəyi ilə bu qərar qəbul edilməli idi. Fəqət, o zaman təşkilatlanmış xalqın tarixi uğuru idi ki, Oleynikov da, komissiyanın digər üzvləri də belə bir rəyə imza atmadılar. Sonradan bu təşkilatlanmış xalqı pərən-pərən salıb, bu gün vətəpərlikdən ağızdolusu danışanlar haqqında isə danışmağa ehtiyac görmürəm.Çünki artıq millət onları yaxşı tanıyır və dabbaqdakı gönlərinə də bələddir... İnşaallah, yaxın vaxtlarda qeyd etdiyim həmin tarixi hadisə barədə daha ətraflı yazıb, tarixi unudanların yaddaşlarını təzələməyə çalışacağam.
Təhmasib Novruzov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB