"Yeni mexanizm mediaya daima axtarışda olmaq fürsəti verir" ÖZƏL-MÖVQE

"Yeni mexanizm mediaya daima axtarışda olmaq fürsəti verir" ÖZƏL-MÖVQE

"Ümumiyyətlə Azərbaycan dövlətinin mediaya maliyyə dəstəyi davam edir. Sadəcə olaraq 2009-cu ildən başlayan proses 2019-cu ildə yeni bir mərhələyə daxil oldu. Əgər ilkin mərhələdə 2009-2019-cu il arasındakı 10 il müddətində ümumi şəkildə yardım, dəstək göstərilirdisə, bu mərhələdə mexanizmin mahiyyətində bir dəyişiklik var. Həmin dəyişiklik artıq qəzetlərə maliyyə dəstəyinin kateqoriyalar üzrə göstərilməsindən ibarətdir". Bu fikirləri SİA-ya açıqlamasında “ Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

"Düşünürəm ki, bu da hər halda dövlətin maliyyə dəstəyinin daha effektli şəkildə həyata keçirilməsi üçün səmərəli mexanizmlərin axtarılması niyyətindən əmələ gəlir. Yəni, dövlətlə əlaqədar strukturlar maliyyə dəstəyinin daha səmərəli mexanizm əsasında həyata keçirilməsi üçün daima axtarışlar aparırlar və hazırki şərait üçün belə bir mexanizm daha məqbul hesab edilib. Orada qəzetlərin müəyyən kateqoriyalara bölünməsi fikrimcə, müəyyən şərti xarakter daşıyır. Bu mənada ki, o mütləq bölgü deyil. Müəyyən müddətdən sonra həmin kateqoriyadan olan qəzetlərin, media orqanlarının yerləri dəyişə bilər. Yəni bu kateqoriya elə müəyyənləşib ki, hər bir media orqanı üçün istər-istəməz özünə tənqidi yanaşmaq və özünü inkişaf etdirmək üçün daima axtarışda olmaq məcburiyyəti yaradır. O mənada ki, aşağı kateqoriyalarda – 2-ci, 3-cü kateqoriyada olanların marağı daha yüksək kateqoriyalara çıxmaq olacaq. Düşünürəm ki, bu mexanizm mediamızı yeni bir inkişaf mərhələsinə çıxarmaq üçün təkan rolunu oynaya bilən səmərəli mexanizmdir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə