"Biz növbəti mərhələdə daha irəli addımların şahidi ola bilərik" ÖZƏL - ŞƏRH

"Biz növbəti mərhələdə daha irəli addımların şahidi ola bilərik" ÖZƏL - ŞƏRH

“Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Avstriyanın Vyana şəhərində keçirilən görüş ilk rəsmi görüş kimi dəyərləndirilir. Bildiyiniz kimi, əvvəllər qeyri-rəsmi görüşlər baş tutmuşdu və orada da müəyyən fikir mübadilələri aparılırdı. Digər bir tərəfdən Ermənistan baş nazirinin davamlı şəkildə qondarma “Dağlıq Qarabağ Respublikası”nın da tərəf kimi danışıqlarda iştirakını tələb etməsinə son qoyulmuş oldu. Bilirsiniz ki, Paşinyan təkidlə Dağlıq Qarabağ bölücülərinin də bu danışıqlar formatında yer almasını istəyirdi. Amma Azərbaycan, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri, başqa beynəlxalq qurumların təmsilçiləri buna qarşı çıxırdılar". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçinin sözlərinə görə, bu görüş faktiki olaraq əvvəlki formatda danışıqların davam etdirilməsini bir növ təsdiqləmiş oldu: "Yəni Azərbaycan tərəfinin rədd etdiyi format tamamən rədd edilmiş oldu. Əlbəttə ki, gələcəkdə hansısa formada Dağlıq Qarabağ bölücülərinin iştirakı haqqında danışmaq olar. Amma bununla bağlı biz həmişə bir mövqedə olmuşuq ki, Azərbaycan münaqişə tərəfi olaraq Ermənistanı görür, bizim torpaqlarımızı Ermənistan işğal edib. Ona görə də danışıqlar Ermənistanla aparılmalıdır. Əgər işğalçı ölkə həqiqətən də səmimi şəkildə bu münaqişənin tərəfi kimi Dağlıq Qarabağdakı erməni bölücülərini görürsə, özü münaqişə tərəfi olmaqdan çıxmalıdır. Yəni Ermənistan silahlı qüvvələri işğal altındakı Azərbaycan torpaqlarından çəkilib getməlidir. Bundan sonra Dağlıq Qarabağdakı Azərbaycan vətəndaşı olan ermənilərlə Azərbaycan dövlətinin müvafiq qurumları danışıqlar apara bilər və masa arxasına otura bilər. Vyana görüşündə də tərəf olaraq Ermənistanla Azərbaycan biraraya gəldi. Bu baxımdan görüş diqqətəlayiqdir. Digər tərəfdən Azərbaycan Prezidenti və Ermənistan baş naziri də pozitiv açıqlamalar verdilər. Düşünürəm ki, bundan çıxış edərək biz növbəti mərhələdə daha irəli addımların şahidi ola bilərik".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə