"Azərbaycanın mövqeyi Ermənistanın siyasi gedişlərini darmadağın etdi" ŞƏRH-ÖZƏL
“Ötən gün Vyanada baş tutan görüş Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ilk rəsmi görüş idi. Bundan əvvəlki görüşlər tanışlıq xarakteri daşıyırdı. 3 saatdan çox çəkən görüşdə tərəflər öz mövqelərini ortaya qoydular, müxtəlif variantları nəzərdən keçirdilər, problemin həlli ilə bağlı geniş fikir mübadiləsi oldu”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Deputat hesab edir ki, Vyana görüşünün əsas məqamı Ermənistanın bütün cəhdlərinə baxmayaraq, danışıqlar formatının dəyişilməz qalması idi.
O bildirib ki, Ermənistanın konflikt tərəfi kimi özünü kənara çəkmək və işğal etdiyi zonada yaratdığı rejimi önə verməkdən ibarət idi: “Amma Azərbaycanın prinsipal mövqeyi Ermənistanın siyasi gedişlərini darmadağın etdi. Həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri də formatın dəyişdirilməsinin əleyhinə çıxdılar. Ermənistan əvvəl irəli sürdüyü şərtdən imtina edərək, yenidən danışıqlar masası ətrafında oturmağa məcbur oldu”.
A. Mirzəzadə qeyd edib ki, bu gün problemin həlli daha çox Ermənistana lazımdır: “Onun işğalçılıq siyasəti ağır sosial nəticələrə gətirib çıxarıb. Paşinyan xalqı qarşısında bu problemin həlli ilə bağlı çox böyük öhdəliklər götürüb. Bu baxımdan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan, özünü konflikt tərəfdarı kimi tanıtmaqdan başqa çıxış yolu yoxdur”.
Prezident İlham Əliyevin Rusiyanın TASS agentliyinə müsahibəsini xatırladan deputat ölkə başçısının müsahibə zamanı humanitar əlaqələrlə bağlı fikirlərinə də toxunub.
O deyib ki, əgər Ermənistan konstruktiv mövqe tutarsa, substansiv danışıqlara üstünlük verərsə, o zaman əlbəttə ki, humanitar əlaqələr ola bilər: “Ermənistana əlaqələrin genişləndirilməsi, izolyasiyadan çıxması üçün növbəti şans verildi. Ermənistan hakimiyyəti bundan nə dərəcə istifadə edəcək, bu onların seçimindən asılıdır. Onun apardığı siyasət bu gün ilk növbədə Ermənistanın inkişafına nail olmaqdan ibarətdir. Azərbaycanın ərazi bütövlüyünü tanımadan bu mümkün deyil”.
A. Mirzəzadə əlavə edib ki, dünənki Vyana görüşü göstərdi ki, Azərbaycanın mövqeyi beynəlxalq təşkilatlar tərəfindən tanınır, ölkəmizin mövqeyi beynəlxalq hüquq normalarına uyğundur, ölkəmiz ərazi bütövlüyü tələbindən heç zaman geri çəkilməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB