"Prezidentin verdiyi son qərarlar olduqca müsbət addımdır" ÖZƏL-ŞƏRH

"Prezidentin verdiyi son qərarlar olduqca müsbət addımdır" ÖZƏL-ŞƏRH

“Cənab prezidentin "Diqlas” yanğınından sonra məsələni nəzarətinə götürməsini, sahibkarlara dəymiş ziyanın dövlət hesabına ödənilməsini ölkə başçısının birbaşa Azərbaycan vətəndaşına, sahibkara olan böyük qayğısı kimi qiymətləndirirəm. Çünki bundan əvvəl də ölkəmizdə bir sıra hallar baş vermişdi. Kürün daşması, müxtəlif bölgələrimizdə zəlzələlərin baş verməsi, evlərin dağılması kimi hadisələrdə də cənab prezident insanların yanında olmuşdu. Zərərçəkənlərə dövlət hesabına yeni evlərin tikilməsi təmin edilmişdi”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Millət vəkili bildirib ki, martın 26-da "Diqlas” Ticarət Mərkəzində baş verən yanğın zamanı insanlara dəymiş ziyanın ödənilməsi ilə bağlı dövlətin heç bir öhdəliyi yox idi: "Dünya praktikasında belə hallar baş verdikdə dəymiş ziyan sığorta şirkətləri tərəfindən ödənilir. Vətəndaşlar, sahibkarlar öz əmlaklarını sığortalamalıdırlar ki, bu cür çıxılmaz vəziyyətə düşəndə sığorta şirkətləri də onların yanında olsun. Müvafiq ödənişləri etsin. Çox təssüf ki, bizdə sığorta sistemi tam gücü ilə işləmir. Vətəndaşlar, sahibkarlar da sığorta şirkətləri ilə sıx əməkdaşlığa girmirlər. Ona görə də bu cür yanğın, fövqəladə hal baş verəndə çaşqın vəziyyətdə qalırlar. Bilmirlər ki, nə etsinlər. Təbii ki, dövlət başçımız hər zaman çətin vəziyyətdə olan insanların yanındadır. Ölkədə baş vermiş bir çox təbii fəlakətlər zamanı biz bunun şahidi olmuşuq. Martın 28-də cənab Prezident təcili müşavirə çağırdı. Həmin müşavirədə müəyyən qurumlar iştirak edirdi. Baş vermiş yanğın hadisəsi bird aha müzakirə olundu. Vətəndaşlara yardım edilməsi ilə bağlı tapşırıqlar verildi”.

Millət vəkilinin sözlərinə görə, bu bir daha onu göstərir ki, Azərbaycan Prezidentinin siyasəti sosial siyasətdir. Bu siyasət vətəndaşların rifahına xidmət edir: "Vətəndaşlar da belə hallardan nəticə çıxarmalıdırlar. Əgər bundan sonra belə hallar təkrar olunarsa, maliyyə yükünü dövlətin üzərinə atmaqdan qaçmalıdırlar. Birbaşa sığorta şirkətləri ilə əməkdaşlıq etməlidirlər. Azərbaycan yeganə ölkədir ki, heç bir sığortası olmayan və əmlakı yanmış, kül olmuş sahibkarlara dövlət yardım göstərir. Dünya praktikasında da belə bir şey yoxdur. Hətta qeyd olundu ki, həmin sahibkarlara güzəştli kreditlər veriləcək. Üstəlik yanmış ticarət mərkəzi bərpa olunana qədər həmin sahibkarlar ayrı-ayrı yerlərdə, müxtəlif ticarət mərkəzlərində yerləşdiriləcəklər. Cənab Prezident bununla da bağlı tapşırıq verdi. Düşünürəm ki, bu bütün sahibkarlarımızı məmnun edəcək. Bu qərar hər bir azərbaycanlını sevindirəcək. Çünki baş vermiş məlum yanğından əziyyət çəkmiş, ziyan görmüş sahibkarların on illərlə qazandığı əmlak bir anın içində külə dönüb. Bundan bütün ölkə sarsılmışdı. Narahat olmuşdu. Ölkə Prezidentinin verdiyi son qərarlar olduqca müsbət addımdır. Düşünürəm ki, bu qərarlar sahibkarları da razı salacaq. Məmnun edəcək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə