"Dövlətin humanizm siyasəti cəmiyyət tərəfindən yüksək dəyərləndirilir" RƏY - ÖZƏL

"Dövlətin humanizm siyasəti cəmiyyət tərəfindən yüksək dəyərləndirilir" RƏY - ÖZƏL

“Azərbaycanda humanizm siyasəti cəmiyyətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Humanizm siyasətinin ifadəsi olan əfv sərəncamları imzalanır, digər sosialyönümlü addımlar atılır ki, bu da xeyli sayda ailələrə sevinc bəxş edir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

O bildirib ki, Prezidenti İlham Əliyevin Novruz bayramı ərəfəsində imzaladığı növbəti əfv sərəncamı, ondan öncə atılan sosial addımlar, daha sonra isə sahibkarlara göstərilən dəstək humanizm siyasətinin daha bir parlaq nümunəsidir: “Dövlət başçısı tərəfindən əfv sərəncamlarının verilməsi istər humanizm, istər əxlaqi, istərsə də cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır. Humanist addımlar mahiyyət etibarilə insanlarda yeni hiss və vərdişlərin formalaşmasına, insani dəyərlərin möhkəmlənməsinə təsir göstərir. Yəni, cinayət törədən şəxslərin qanunla müəyyənləşdirilmiş qaydada layiq olduqları cəzanı almaqdan azad edilməsi insana dərin mənəvi keyfiyyətlər aşılamaq gücündədir. Lakin bəzi şəxslər dövlətin bu humanist siyasətinin dəyərini dərk etmirlər".

S. Fətəliyeva qeyd edib ki, son əfv sərəncamı ilə azadlığa çıxan keçmiş səhiyyə naziri Əli İnsanovun fikirləri buna sübutdur: "O, əfv olunmasını dəyərləndirmək və bu addımı atan dövlət başçısına minnətdarlıq etmək əvəzinə tamamilə basqa mövqedən çıxış edib. Guya Ə.İnsanovun azadlığa çıxmasında qərb dövlətlərinin və bəzi beynəlxalq qurumların rolu olub. Əlbəttə ki, bu fikir tamamilə əsassızdır. Çünki Azərbaycanda kimin əfv olunub olunmaması ilə bağlı heç bir dövlət və ya təşkilat qarşısında öhdəlik götürülməyib və əfv siyasəti ölkəmizin daxili məsələsidir, dövlət başçısının müstəsna səlahiyyətidir. Əli İnsanovun bu mövqeyi ən azı etik normalara uyğun gəlmir. Onun belə mövqeyi cəmiyyətimiz tərəfindən ciddi qınaqla qarşılanır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə