"Humanist addımları dəyərləndirə bilməmək zəiflik əlamətidir" RƏY-ÖZƏL

"Humanist addımları dəyərləndirə bilməmək zəiflik əlamətidir" RƏY-ÖZƏL

“Azərbaycan demokratik dəyərlərə və humanizm prinsiplərinə sadiq dövlətdir. Azərbaycan Prezidenti tərəfindən əfv sərəncamlarının imzalanması, sosial sahədə atılan addımlar, sahibkarlara edilən dəstək buna əyani sübutdur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O bildirib ki, Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamları və digər addımlar dövləti başçısının fəaliyyətinin ədalət, humanizm və mərhəmət prinsiplərinə əsaslandığının təzahürüdür.

Onun sözlərinə görə, səhv etmiş, cinayət törətmiş insanlara yeni şans verməklə, bağışlayıb cəmiyyətimizə qaytarmaqla onlara yenidən həyatın, azadlığın dəyərini dərk etməyə, öz səhvlərini başa düşüb doğru yola qayıtmağa kömək edilir.

“Çünki mərhəmətlilik, humanistlik, bağışlamaq bacarığı ən ali və insani keyfiyyətlər kimi qiymətləndirilir. Amma təəssüflər olsun ki, əfv kimi humanist addımı dəyərləndirə bilməyənlər də var. Martın 16-da dövlət başçısının əfv sərəncamı ilə azadlığa çıxan keçmiş səhiyyə naziri Əli İnsanovun ortaya qoyduğu mövqe tamamilə yanlışdır. Cənab Prezidentin humanistliyinin ifadəsi olaraq azadlığa qovuşan keçmiş nazirin açıqlamaları onun hələ də doğru yolda olmadığını göstərir. Amma Ə.İnsanov bilməlidir ki, Azərbaycan güclü dövlətdir və heç kimin diqqəti ilə hərəkət etmir. Humanizm siyasəti Azərbaycan dövlətinin əsas prinsiplərindən biridir. Azərbaycanın bu yöndə təcrübəsini dünya dövlətləri də öyrənməlidir. Görünən odur ki, Ə.İnsanov bu gerçəkliyi görəcək səviyyədə deyil. Humanist addımları dəyərləndirə bilməmək zəiflik əlamətidir. Yaxşı olar ki, o tezliklə islah olunsun və etdikləri səhvləri anlasın. Əks halda, onun qərəzli mövqeyi və əsassız fikirləri hər zaman cəmiyyətdə qınaq obyektinə çevriləcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə