"İstənilən halda, Paşinyanın üstünlük qazanması mümkün deyil" AÇIQLAMA - ÖZƏL

"İstənilən halda, Paşinyanın üstünlük qazanması mümkün deyil" AÇIQLAMA - ÖZƏL

“Paşinyan bildirib ki, Vyana görüşündə Dağlıq Qarabağ problemin müxtəlif aspektlərini, əsas da danışıqların formatının yenilənməsi və bu formada separatçı rejimin daxil edilməsi müzakirə olunacaq. Bu baxımdan martın 29-da keçiriləcək Vyana görüşündən nikbin nəsə gözləmirəm”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Görüş öncəsi Ermənistan XİN başçısının Moskvaya səfərini xatırladan politoloq söyləyib ki, bunun özü Ermənistanın konstruktiv mövqeyə gələcəyinə inam yaratmır: “ATƏT-in Minsk qrupunun səylərinə, görüşün keçirilməsi üçün ikitərəfli formatın davam etdirilməsi ilə bağlı razılıq əldə edilməsinə baxmayaraq, görüşdən yüksək nəticələr əldə ediləcəyinə ümidlər azdır. Bunu da mümkünsüz edən Ermənistanın baş naziridir. Çünki, Paşinyan ötən günlərdə Parlamentdə çıxış edərkən də danışıqlar formatının dəyişdirilməsi istəyini dilə gətirib. Onun istəyi separatçı rejimi danışıqlara cəlb etməkdir”.

Müharibə ehtimalına gəlincə, Q.Hüseynli qeyd edib: “Paşinyan danışıqlar öncəsi Dağlıq Qarabağa gedərək, ordunun gizli müşavirəsini keçirib. Artıq çoxları ehtimal edir ki, o orduya Azərbaycan tərəfindən hücum ediləcəyi və bu təqdirdə ordunun müdafiə döyüşlərinə ciddi hazırlaşması təlimatını verib. Deyilənlərə görə, guya generallar lazım gələrsə hücum taktikasına keçə biləcəklərini istisna etmirlər. Bu baxımdan Ermənistanın danışıqlara getməsi məsələsində şübhələr yaranmağa başlayır. Amma istənilən halda, Paşinyanın üstünlük qazanması mümkün deyil. Danışıqlar prosesinin qeyri-konstruktiv təkliflərə sərf edəcəksə, o zaman Paşinyan danışıqların məzmununu pozmaq, bundan vaxt qazanmaq istəyini bir daha ortaya qoymuş olacaq”.

Politoloq qeyd edib ki, əgər Ermənistanın baş naziri konkret mövqe ortaya qoymazsa, o zaman Azərbaycan tərəfi təbii ki, öz ərazilərini hərb yolu ilə qaytarılmasını labüd edə bilər: “Bu gün Azərbaycan ordusu iri hərbi əməliyyatlar keçirməyə qadirdir. Ordumuz erməni ordusunu ruhdan sala biləcək həm hava həm də qurudan düşmənə ağır zərbələr vura bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə