Azərbaycan Ordusunun hərbi qüdrəti dünya mətbutının nəzərindən yayınmır

Azərbaycan Ordusunun hərbi qüdrəti dünya mətbutının nəzərindən yayınmır

Müasir dövrümüzdə ən yeni silah və sursatla, peşəkar zabit kadrları ilə tam təmin olunmuş Milli Ordumuz dünya miqyasında ən güclü ordular sırasındadır. Peşəkarlıqla yanaşı, ordunun maddi-texniki bazası da möhkəmlənib. Bu istiqamətdə, son illər ərzində, böyük işlər görülüb. Azərbaycan iqtisadiyyatının yüksəlişi, bütün sahələrdə olduğu kimi, ölkənin hərbi qüdrətinin də artmasında müsbət təsirini göstərib. Son illər, Azərbaycanda müasir və çox güclü Hərbi-Sənaye Kompleksi yaradılıb. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilib və bunun nəticəsi olaraq, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik ordumuz var.
Bu gün torpaqlarının 20 faizi işğalda olan Azərbaycan üçün ordu quruculuğu, ordunun daha da möhkəmlənməsi zəruridir. Belə bir şəraitdə ordunun güclənməsi üçün bütün lazımi tədbirlər görülür və peşəkarlıq artır. Azərbaycan Prezidentinin hərbi qulluqçuların aylıq vəzifə maaşlarının artırılması, hərbi qulluqçuların təltif edilməsi, hərbi qulluqçulara ali hərbi rütbələrin verilməsi barədə imzaladığı sərəncamlar silahlı qüvvələrin şəxsi heyətini daha qətiyyətli, Vətənin müdafiəsi işində daha əzmkar və ayıq-sayıq olmağa ruhlandırır. Hərbçilərin sosial məsələlərinin və məişət problemlərinin həlli həmişə diqqət mərkəzində saxlanılır. Millətimizin güvənc yeri, qürur, ləyaqət rəmzi və özünütəsdiq imkanı olan Azərbaycan Milli Ordusu xalqımızın milli düşüncəsində ali və müqəddəs ucalıqda dayanır, dövlətimizin varlıq, mövcudluq və milli kimlik meyarı kimi çıxış edir. Xalqımızın silahlı qüvvələrə olan inamı isə ölkəmizin milli təhlükəsizliyinin təmin olunmasında ordunun şəxsi heyətinə böyük etimad yaradır.
Erməni ordusunun təxribat xarakterli hücumlarına layiqli cavab verən Azərbaycan Ordusu yüksək hazırlıqlı peşəkar zabit və əsgərlərin xidmətini bir daha dünya ictimaiyyəti qarşısında canlandırır. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin qondarma «Dağlıq-Qarabağ Respublikası»nın hərbi birləşmələri arasında baş vermiş aprel döyüşləri Azərbaycan Ordusunun gücünü göstərmiş oldu. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi və Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar və Madaqiz kəndləri istiqamətində yollar düşməndən azad olundu. Ötən il işğal altında olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin Əlahiddə Ümumqoşun Ordu hissəsinin əks-həmlə əməliyyatları ilə işğaldan azad edilməsi ordumuzun növbəti uğuru oldu. Qızılqaya və Qaraqaya dağlarında yeni mövqelər ələ keçirildi, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu hərbi birləşmələrinin döyüşçüləri çox böyük qəhrəmanlıqla üç gün davam edən əməliyyatlar nəticəsində, 11 min hektar ərazini ermənilərdən təmizlədilər.
Qüdrətli Azərbaycan Ordusunun keçirdiyi təlimlər dünya mətbuatının nəzərindən yayınmır. Elə bu günlərdə Baltikyanı ölkələrin aparıcı xəbər agentlikləri və portalları Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı hərbi təlimlərindən yazıb. Əsasən, "Reuters" agentliyinə istinadla yayılan xəbərlərdə təlimlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər iki ölkə liderlərinin görüşü ərəfəsində keçirilməsinin Ermənistan rəhbərliyini narahat etdiyi bildirilib. Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu vurğulanaraq, münaqişənin tarixi barədə oxuculara məlumat verilib. Həmçinin, təlimlərin keçirilməsi barədə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi bəyanatı da əksini tapıb. Qeyd edilib ki, düşmənin hücumlarının qarşısını almağa yönəlmiş təlimlərə 10 min nəfərlik şəxsi heyət, 500 tank və zirehli texnika, habelə, 20 hərbi təyyarə cəlb olunub. Bu, Azərbaycan Ordusunun gücünü bir daha nümayiş etdirir. Müasir dövrümüzdə Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi uğurla davam etdirilir və ordumuz daha da inkişaf edir və təkmilləşir. Belə bir gücə malik ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etmək və ölkəmizin ərazi bütövlüyünü qorumaq gücündədir.
Bu gün Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir olan bir ordudur və heç şübhəsiz ki, belə gücə malik nizami ordu işğal altındakı torpaqlarımızı erməni təcavüzkarlarından təmizləməyə və üçrəngli bayrağımızı Qarabağda dalğalandırmağa qadirdir. Vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində, gündən-günə daha da möhkəmlənir və döyüş qabiliyyətini artırır. Dövlətimizin diqqət və qayğısını, xalqın dayağını daim öz üzərində hiss edən hərbçilərimizin isə, döyüş ruhu birə-beş artır. Vətən övladları sərhədlərimizin keşiyində ayıq-sayıq dayanırlar. Günün müxtəlif vaxtlarında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən, mütəmadi olaraq, atəşkəs rejimi pozulsa da, əsgər və zabitlərimizin ayıq-sayıqlığı nəticəsində düşmən susdurulur və kəşfiyyat-təxribat qruplarının qarşısı vaxtında alınır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə