Dubay Əmirliyinin məscidlərində 20 yanvar şəhidlərinin ruhuna dualar oxunacaq
Yanvarın 21-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyinin məcsidlərində cümə namazı zamanı 20 yanvar şəhidlərinin ruhuna dualar oxunacaq. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu, Dubaydakı "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanovun "AUGAF" Dini məsələlər üzrə idarəyə yazlı müraciətinə əsasən həyata keçiriləcək.
Eyni zamanda Birləşmiş Ərəb Əmirliyindəki soydaşlarımız 20 yanvar faciəsinin 21-ci ildönümü münasibətilə anım tədbiri keçirərək, şəhidlərin xatirəsini yad ediblər. "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanovun verdiyi məlumata görə, anım mərasiminə azərbaycanlılarla yanaşı türk icmasının təmsilçiləri, İraq türkmənləri, yerli ərəblər və digər xalqların nümayəndələri qatılıb.
Cəmiyyət sədri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun bölmələrinin Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklər, bunun səbəbləri, həmin dövrdə mövcud olan siyasi durum və s. barədə çıxış edib. O qeyd edib ki, həmin gün xalqımız tarixin ağır və sərt sınaqlarından birini yaşadı və mübariz, qəhrəman xalq olduğunu bir daha dünyaya sübut etdi.
"Hadisələrdən dərhal sonra ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gələrək xalqımızın haqq səsini dünyaya çatdırıb, faciənin təqsirkarlarının Azərbaycan xalqı qarşısında cavab verəcəyini bildirmişdi" deyən S.İmanov əlavə edib ki, bu qanlı hadisələrə hüquqi-siyasi qiyməti 1994-cü il martın 29-da ölkə parlamenti milli lider Heydər Əliyevin təklifinə əsasən verib.
Tədbir çərçivəsində həmçinin 20 yanvardan bəhs edən fotoşəkillərdən ibarət sərgi təşkil olunub. Qanlı hadisələrdən bəhs edən sənədli film göstərilib. Qonaqlara 20 yanvar faciəsi ilə bağlı müxtəlif dillərdə hazırlanmış məlumat vərəqələri, eyni zamanda Heydər Əliyev Fondunun hazırladığı "Qarabağ Həqiqətləri" kitabı təqdim olunub.
Anım tədbirinə qatılan "Al-Bayan" qəzetinin müxbiri Qanlı Yanvar faciəsi haqqında məqalə dərc etdirib. "BƏƏ-dəki Azərbaycan diasporu Sovet İttifaqının Azərbaycanda törətdiyi qırğın zamanı şəhid olanların ildönümünü yad edir" başlıqlı yazıda qeyd olunur ki, sovet hərbi birləşmələrinin Bakıya hücumu nəticəsində qadın və uşaqlar da daxil olmaqla 173 dinc, günahsız insan vəhşicəsinə qətlə yetirilib, 641 nəfər yaralanıb, yüzlərlə insan itkin düşüb və 200 ev dağıdılıb.
Müəllif vurğulayıb ki, hər il yanvarın 20-də Azərbaycan xalqı şəhid olmuş oğul və qızlarının xatirəsini yad edir, matəm saxlayır.
Qeyd edək ki, cəmiyyətin sədri S.İmanov 20 yanvar hadisələrinin 21-ci ildönümü ilə bağlı BƏƏ-nin parlamentinin sədrinə, Dubay Şeyxinin Aparatının rəhbərinə, İnsan hüquqları İnstitutuna ətraflı məlumat göndərib. Bundan başqa, o, BƏƏ-dəki ən tanınmış media şirkətlər qrupundan birinin rəhbəri Dr. Abdurrahman Al-Jaberi ilə də görüşərək ona qanlı yanvar hadisələri barədə geniş bilgi verib. A.Al-Jaberiyə ərəb və ingilis dillərində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən və Qarabağ həqiqətlərindən bəhs edən kitablar təqdim edilib. A.Al-Jaberi isə müəllifi olduğu və Azəarbaycanla bağlı məlumatları da daxil etdiyi "İtirilməmiş xəzinə" kitabını cəmiyyətin rəhbərinə hədiyyə edib.
A.Al-Jaberi bildirib ki, yaxın vaxtlarda Azərbaycan Respublikası, Qarabağ münaqişəsi, 20 yanvar, Xocalı faciələri kimi həqiqətlərə aid ərəb dilində yeni kitab hazırlayacaq. O, bu məqsədlə Azərbaycana səfər etməyi planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB