Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin görüşü keçirilib

Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin görüşü keçirilib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Gürcüstanın Xarici İşlər Naziri Qriqol Vaşadzeni qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə artıq ənənə halını almış ölkələr arasında münasibətlərə dair keçən ilin nəticələri qiymətləndirilərək, 2011-ci il üçün perspektiv planlar müzakirə edilib. Azərbaycan-Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişafı və regionda enerji layihələrinin həyata keçirilməsində uğurlu əməkdaşlığın aparıldığı vurğulanıb. Bununla yanaşı iki ölkənin beynəlxalq təşkilatlarda bir sıra qarşılıqlı maraq doğuran məsələlərdə birgə mövqedən çıxış edilməsi xüsusilə də Avropa İttifaqı ilə əlaqədə birgə layihələrin həyata keçirilməsi məsələlərinin mümkünlüyü müzakirə olunub.

 

Tərəflər Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin hər iki ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, regional layihələrin regionun inkişafına yönəldiyini vurğulayıblar.

 

Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri hər iki ölkənin üzləşdiyi ərazi bütövlüyü problemi barəsində danışıb, münaqişələrin həllinə dair aparılan danışıq proseslərinin son durumu barədə biri-birini məlumatlandırıblar.

 

Həmçinin görüş zamanı qarşılıqlı maraq doğuran regional, qlobal və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə