"Paşinyanın populist çıxışları eşidilməz olacaq" ÖZƏL-RƏY

"Paşinyanın populist çıxışları eşidilməz olacaq" ÖZƏL-RƏY

“Hayların Nikol Paşinyanın hakimiyyətə gəlməsində açıq dəstək göstərən, indi də ona, demək olar ki, loyal yanaşan "1in.am" saytına baxıram, orada Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ danışıqları ilə bağlı son açıqlamalarını baş nazirlərini küncə sıxmaq kimi dəyərləndirirlər”. Bunu SİA-ya millət vəkili Sahib Alıyev deyib.

“Əslində təkcə baş nazirləri yox, bütövlükdə Ermənistan çoxdan küncdədir və onları güncə sıxışdıran Minsk Qrupu həmsədrləri deyil, yeritdikləri işğalçılıq siyasəti, bunun da qarşılığında Azərbaycanın gördüyü tədbirlərdir. Həmsədr dövlətlərə gəldikdə İran kimi onlar da həmişə Ermənistanı küncə dirəmək nədir, əksinə küncdən çıxarmağa çalışıblar ki, bunu da hamı bilir. Elə son açıqlamalarında da məqsəd budur. Paşinyanın səsləndirdiyi populist və maksimalist fikirlərin haylar üçün ağır nəticələrə aparıb çıxaracağı proqnozlaşdırldığından onu ayıltmağa çalışırlar.

Baxın, bu gün Azərbaycanın Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin əmri ilə geniş təlimlərə başladı. Təlimlərdə qarşıya qoyulan vəzifələrə diqqət yetirdikdə burada "Blitzkrieg" hazırlığının getdiyi açıq-aydın görünür. Həmsədr dövlətlər də gözəl bilirlər ki, Ermənistanın yeni format oyunu ortaya atmaqla substantiv danışıqlardan qaçmasının alternativi budur. Cəbhə isə heç də Nikol Paşinyanın özünü sudakı balıq kimi hiss etdiyi mitinq meydanı deyil. Yaylım atəşi və raket zərbələri altında onun populist çıxışları eşidilməz olacaq, eşidilsə belə, dinləyən tapılmayacaq.

Ona görə də Minsk Qrupu həmsədrləri son açıqlamaları ilə bu populist və maksimalist haylarına deyirlər ki, ağıllı ol, ölkənin potensialına uyğun hərəkət et, fors-majorla üzləşmək istəmirsənsə, gəl danışıqlar stolu arxasında əyləş”-deyə, deputat fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə