Dövlət Miqrasiya Xidmətində 20 Yanvar faciəsi ilə əlaqədar tədbir keçirilib

Dövlət Miqrasiya Xidmətində 20 Yanvar faciəsi ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində 20 Yanvar faciəsinin iyirmi birinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, Xidmətin kollektivi Şəhidlər Xiyabanını ziyarət etmiş, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzmüş, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiram əlaməti olaraq "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Xidmətin inzibati binasında müdhiş gecəyə həsr olunmuş sərgiyə baxışla başlayan anım mərasimində qanlı hadisə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xidmət rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov çıxış edərək xalqımızın qürur və şərəf mücəssəməsinə çevrilən 20 Yanvar tarixindən danışıb. Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz edən, haqq-ədalətin bərqərar edilməsini istəyən, azadlıq, müstəqillik ideyaları uğrunda şərəfli mücadilə aparan Azərbaycan xalqının inam və iradəsini qırmaq, heysiyyətini alçaltmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş qanlı hadisələrdən biri baş verib.

Azərbaycanın informasiya blokadasına alındığı bir şəraitdə baş vermiş həqiqətləri operativ şəkildə dünya ictimaiyyətinə çatdırmaq zərurəti yarandığını xatırladan Xidmət rəisi dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən Ümummilli lider Heydər Əliyevin hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər siyasi xadim olduğunu nəzərə çatdırıb. Ulu öndərin qətiyyətli mövqeyinin respublikamızın informasiya blokadasına alındığı ağır günlərdə totalitar rejimə ağır və sarsıdıcı zərbə olduğunu nəzərə çatdıran Arzu Rəhimov dahi şəxsiyyətin bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham etdiyini vurğulayıb.

Xidmət rəisi ümummilli lider Heydər Əliyevin 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutduğunu, onların adlarının əbədiləşdirilməsi məqsədilə bir sıra sərəncamlar imzaladığını, Prezident İlham Əliyevin də bu ənənəyə sadiq qalaraq Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün bütün zəruri tədbirləri həyata keçirdiyini vurğulayıb.

Mərasimin sonunda 1990-cı ilin şanlı 20 Yanvar tarixinin qərinələr, əsrlər keçsə belə xalqımızın yaddaşından silinməyəcəyi, daim yad ediləcəyi, bu faciənin keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı kimi insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacağı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə