Yanvarın 19-da Azərbaycan Dillər Universitetində (ADU) qanlı 20 Yanvar hadisələrinin 21 illiyi münasibətilə mərasim keçirildi. ADU-nun Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ADU-nun Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov 20 Yanvar hadisələrinin xalqımızın qəhrəmanlıq tarixinə çevrildiyini qeyd etdi. Tarix boyu Azərbaycan xalqının öz ərazi bütövlüyünü, azadlığını qorumaq üçün mübarizə apardığını bildirən prorektor mübarizənin bu gün də davam etdiyini bildirdi.
N. Yusifov qeyd etdi ki, 20 yanvar hadisələri hadisənin şahidlərinin xatirəsində yaşayır: "O hadisələr hələ də gözümüzün önündədir. Günahsız insanlar qətlə yetirildi, yüzlərlə vətəndaş itkin düşdü. Buna baxmayaraq, heç kəs ruhdan düşmədi. Azərbaycan xalqının qətiyyəti, səbri azğınlaşmış sovet qoşunlarının Bakıda çox duruş gətirə bilməməsinə səbəb oldu".
ADU-nun Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti, 20 yanvar hadisələrinin bilavasitə iştirakçısı, şəhid atası Çərkəz Qurbanlı 20 yanvar faciəsi haqqında danışmağın həm asan, həm də çətin olduğunu qeyd etdi. Hadisələrin bilavasitə iştirakçısı olsa da, qismətinə şəhidlik yazılmadığını bildirən Ç. Qurbanlı şahidi olduğu anlardan danışdı.
Alman dili fakültəsinin dekan müavini Hənifə İmanquliyeva 1990-cı ilin yanvarın 21-də ADU əməkdaşlarının böyük bir qisminin Travmotologiya İnstitutunda 37 yaralıya qan verdiklərini xatırlatdı. O dedi ki, yaralıların sağalması üçün bütün gücümüzü səfərbər etmişdik.
ADU-nun sabiq əməkdaşı Zemfira Hüseynova da universitet əməkdaşlarının yaralılara köməyindən, müəllim-tələbə heyətinin o ağır günlərdə vətəndaşlıq mövqeyi nümayiş etdirərək onlara fiziki və mənəvi dəstək verdiyindən danışdı.
Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev mərasimdə iştirak edənlərə öz təşəkkürünü bildirərək hamını torpaqlarımız uğrunda müharibəyə hazır olmağa səslədi.
Mərasimin sonunda Üzeyir Hacıbəyovun "Koroğlu" operasından üvertüra səsləndi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB