BDU ilə Ankara Universiteti arasında anlaşma memorandumu imzalanıb
BDU-nun rektoru, akademik Abel Məhərrəmov Ankara Universitetinin rektoru, professor, doktor Cemal Taluğun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. BDU-nun Mətbuat və İnformasiya şöbəsindən SİA-ya verilən xəbərə görə, akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetinin Türkiyənin ali təhsil ocaqları ilə əməkdaşlığa xüsusi əhəmiyyət verməsindən, universitetlərin daha sıx və səmərəli fəaliyyət göstərmələri üçün birgə proqram və layihələrdən bəhs edib. Rektor Bakı Dövlət və Ankara Universitetləri arasında ikili diplomlar, tələbə-müəllim mübadiləsi və s. haqqında da danışıb.
Professor, doktor Cemal Taluğ hər zaman BDU rektoru tərəfindən sıcaq münasibət gördüyünü deyib. Bildirib ki, Ankara Universiteti hüquq, türk dili və ədəbiyyatı ixtisasları üzrə ikili diplomların verilməsinə tərəfdardır.
Rektorlar ikili diplomların verilməsi üçün Ankara Universitetinin tələbələrinin BDU-da, BDU tələbələrinin isə Ankara Universitetində yay məktəblərində iştiraklarının detallarını da müzakirə ediblər.
Daha sonra Bakı Dövlət Universiteti ilə Ankara Universiteti arasında beynəlxalq əlaqələri inkişaf etdirmək məqsədi ilə elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib. Əməkdaşlıq müqaviləsində tədqiqatçı, doktorant və magistrlərin mübadiləsi, müəllimlərin ixtisaslarının artırılmasına qarşılıqlı yardım, qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi, ikitərəfli birgə elmi simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakı, tamamlanmış bakalavr dərəcəsi, ikili diplom proqramları öz əksini tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB