Nikol Paşinyan "iki daş" arasında ŞƏRH

Nikol Paşinyan "iki daş" arasında ŞƏRH

Erməni baş nazirinin xarici səfərləri fiaskoya uğurayır

Bəlkə də Nikol Paşinyan işğalçı ölkəyə baş nazir olmağına heyifslənir. O, elə zənn edirdi ki, xarici ölkələrə səfərlər etməklə, bəlkə nəyəsə nail ola bilər. Ancaq erməni baş nazirin "dəvəquşu siyasəti", daha doğrusu, xaricə süləngəc səfərlər etməklə avropalıların "saqqızını" oğurlaya bilmədi. Ancaq Nikol yenə Avropaya pul üçün yalvardı...

Belə ki, Tehran səfəri fiaskoya uğrayan və İranla ciddi heç bir anlaşmaya nail olmayan Nikol Paşinyan bəlkə bu dəfə baş tutdu ümidi ilə Brüsselə səfər etməklə, Avropaya anormal nağıllarını danışmaqla pul qoparacağını düşündü.

Amma gələn xəbərlərdən hasil olan qənaət belədir ki, Nikol Paşinyan Avropadan yenə "əli ətəyindən uzun" qayıdacaq. Ona nə Qarabağ məsələsində gözlədiyi siyasi dəstək veriləcək, nə də avropalılardan umduğu maliyyə-pul. Səbəb təkdir: Paşinyan "iki stulda oturmaq" siyasəti aparır, istəyir ki, o, bir əlindən Rusiyanı, o birindən Qərbi tutsun, biri silah, hərbi-təhlükəsizlik dəstəyi versin, Qərb isə maliyyə və siyasi kömək göstərsin.

İran İslam Respublikası da Paşinyanı dəstəkləmədi

İran mətbuatının məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyanın "Ararat" idman kompleksində Dağlıq Qarabağ münaqişəsinə dair erməni dilində bir neçə plakatın asılması özbaşına atılmış addımdır və qəbuledilməzdir. İranın Azərbaycandakı səfirliyi də Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfəri zamanı Tehranda yaşayan bir qrup erməninin "Ararat" klubunda baş tutan görüşdə asdıqları plakatı və səsləndirilən şüarları özbaşına atılan addım, kimi qiymətləndirib və bunu pisləyib. Qeyd olunub ki, İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqillik qazandığı ilk və çətin günlərində həmişə Azərbaycan dövləti və millətinin yanında olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləmiş və bu siyasətini dəyişməyəcək: "Düşünürük ki, Qarabağ münaqişəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət prinsipi əsasında və sülh danışıqları yolu ilə iki tərəf arasında həllini tapacaq. İran İslam Respublikasının Azərbaycan Respublikası ilə dostluğu və qardaşlığı əbədidir və heç bir təxribat iki xalqın iradəsinə xələl yetirə bilməz". Beləliklə, hadisələrin gedişi bir daha göstərir ki, Ermənistanın baş naziri Nikol Pşainyanın İrana iki günlük səfəri, gözləndildiyi kimi, İrəvanın umduğu nəticələri vermədi. Səfər zamanı tərəflər arasında strateji əhəmiyyətli heç bir sənəd imzalanmadı. Ermənilərin İran qazı üçün tranzit ölkəyə, nəqliyyat dəhlizinə çevrilməklə bağlı hansısa ortaq layihələrə ümidləri yenə ürəyində qaldı. Səfər zamanı yalnız niyyət memorandumu - niyyət anlaşması imzalandı. Yəni İran rəhbərliyi, faktiki olaraq, işğalçı ölkənin rəhbərini yola verdi.

Ac ölkənin liderinin növbəti sayıqlaması

Bu ölkənin liderinin həyasızcasına növbəti sayıqlaması bir daha Paşinyanı gülünc və çətin duruma salıb. Belə ki, Tehranda, erməni icması ilə görüşü zamanı Paşinyan öz aləmində Azərbaycanı hədələyərək, populistcəsinə bildirib ki, "əgər kimsə Qarabağ məsələsini hədələrlə həll etməyi düşünürsə, o, dərindən yanılır, nədən ki, o halda o, bütün dünya ermənilərinə qarşı durmalı olacaq".

Elə Paşinyan kimi "küçə demokratın"dan bu səviyyəli düşüncə təəccüb doğurmur. Çünki əhalisi ac-yalavac kökdə, özü blokada şəraitində olan, ordusuna düz-əməlli çağırışçı tapmayan və silahlanma məsələsində Azərbaycanla ayaqlaşma imkanından, paritet yaratmaq şansından məhrum "cırtdan" ölkənin böyük müharibədən necə çıxacağı çox maraqlıdır. Ermənilərin yeganə müqavimət üsulu kimi yaxşı bacardığı terror üsulu ağla gəlir. Paşinyan da, əslində, elə Azərbaycanı terrorla hədələyib.

Ermənistanın xilası Azərbaycanın əlindədir

Ötən dövr çox aydın şəkildə göstərir ki, Azərbaycanla normal münasibətlər yaratmadan, Ermənistanın bir dövlət olaraq, mövcudluğunu davam etdirməsi mümkün deyil.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlar ölkəmizin beynəlxalq miqyasda da mövqeyini əhəmiyyətli dərəcədə gücləndirən faktorlardan biri kimi çıxış edir: "Bütün bunlara paralel olaraq, uğurlu xarici siyasət Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini ölkəmizə yönəldib. Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Onların qəhrəmanları, onların generalları oğrulardır, onların ordusu oğru ordusudur. Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir".

Dövlət başçısı onu da bildirib ki, haqq-ədalət öz yerini tapıb və 20 il Ermənistana rəhbərlik etmiş oğru, kriminal rejim tam biabır olaraq, siyasi səhnədən qovulub: "Deyə bilərəm ki, bu rejimin çökməsində bizim də rolumuz olub, onu mən şişirtmək istəmirəm, bunu biz, necə deyərlər, öz adımıza çıxmaq istəmirik. Ancaq o da həqiqətdir ki, bizim apardığımız siyasət nəticəsində, Ermənistan onlara gəlir gətirə biləcək bütün layihələrdən məhrum edildi. Biz onlara qarşı təcrid siyasətimizi uğurla aparmışıq və heç kimdən çəkinmədən mən bu barədə dəfələrlə Azərbaycan ictimaiyyətinə və xarici tərəfdaşlarıma demişəm. Nə qədər ki, torpaqlarımız işğal altındadır, biz Ermənistana qarşı təcrid siyasətimizi aparacağıq. Bu siyasət nəticəsində, Ermənistan iqtisadi iflasa uğradı. Ermənistanın iqtisadi perspektivləri, demək olar ki, yoxdur".

Beləliklə, istər hərbi, istərsə də diplomatik müstəvidə proseslərin Ermənistanın lehinə olmadığını göstərir. Bu vəziyyətdə, Qarabağ məsələsində güzəştə gedib lazımi addımlar atmayacağı halda, Ermənistanı sarsıdıcı zərbələr gözləyir.

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə