Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Respublika Baş Dövlət Yol Polisi İdarəsi 20 yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar sürücülərə müraciət edib. Respublika Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumatda bildirilir ki, sabah Şəhidlər xiyabanını ziyarət edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə yanvarın 20-də saat 08:00-dan mərasim başa çatanadək paytaxtın Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsində Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

 

Parlament prospekti boyunca avtomobillərin yol kənarlarında parklanmasına yol verilməyəcəyi nəzərə alınaraq əhalidən xahiş olunur ki, bu istiqamətə gəlmək üçün ümumi istifadədə olan nəqliyyat vasitələrindən istifadəyə üstünlük versinlər.

 

Yanvarın 20-də saat 12:00-da respublikanın bütün avtomobil yollarında 20 yanvar faciəsi qurbanlarının xatirəsini yad etmək üçün nəqliyyatın və piyadaların hərəkəti dayandırılaraq bir dəqiqəlik sükut elan ediləcək.

 

Eyni zamanda Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir ki, ötən il ərzində respublika ərazisində 2 721 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 925 nəfər ölüb, 2871 nəfər yaralanıb. Dünyasını dəyişən 925 nəfərdən 744-ü kişi, 181-i qadın, xəsarət almış 2871 nəfərdən isə 2131-i kişi, 740-ı qadındır. Əvvəlki illə müqayisədə qəzaların sayı 71 (2,5%), həlak olanların sayı 5 nəfər (0,5%), yaralananların sayı 173 nəfər (5,7%) azalıb. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 93,1%-i (2534) sürücülərin Yol Hərəkəti Qaydalarını pozmaları, o cümlədən 42,3%-i (1150) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 23,6%-i (642) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 7,4 %-i (203) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,4%-i (65) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

 

Baş vermiş qəzaların 39,8%-ni (1084) piyadaların vurulması təşkil edib ki, nəticədə 333 piyada dünyasını dəyişib, 837-i yaralanıb. Respublika üzrə qeydə alınmış yol qəzalarında 76 uşaq və yeniyetmə ölüb, 270 nəfər isə yaralanıb. Ölənlərin 43, yaralananların isə 163 nəfəri piyadalardır.

Bütün xəbərlər Facebook səhifəmizdə