"Paşinyanın beynəlxalq ictimaiyyətə yanlış məlumatlar ötürür" MÖVQE - ÖZƏL
“Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sülhyaratma prosesləri dalana dirənib. Ermənistan tərəfi açıq şəkildə həm dünya ictimai rəyə, həm də beynəlxalq təşkilatların mövqeyinə önəm vermir. Sözün əsil mənasında qeyri-ciddi insan təsiri bağışlayan, siyasətdə kifayət qədər təcrübəsi olmayan Paşinyanın sərsəm bəyanatları da sülhyaratma prosesinə mane olur”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Paşinyanın separatçı rejimin danışıqlar prosesində iştirakına cəhd etdiyini deyən politoloq söyləyib ki, lakin o bilməlidir ki, münaqişənin həlli Azərbaycan və Ermənistan arasında aparılır: “Artıq 25 ildir ki bu format davam edir. Paşinyanın separatçı rejimlə bağlı məsələni ortaya atması, həm zaman qazanmaq, danışıqlar prosesini dalan dirəmək xarakteri daşıyır. Bundan başqa, beynəlxalq ictimaiyyətə yanlış məlumatlar ötürülür. Misal üçün Belçikanın paytaxtı Brüsseldə olan Paşinyan çox ziddiyyətli fikirlər səsləndirərək hətta Azərbaycanın sülhə hazır olmadığını bildirir. Bu, həyasızlığın yüksək pilləsi, eyni zamanda işğalçı dövlətin qarşısına ciddi sədd çəkilməməsinin nəticəsidir. Təəssüf ki, Avropa dövlətləri bu anormal insanı dayandırmaq istəmir, əksinə ona infrastruktur tədbirləri üçün kredit verməyi planlaşdırırlar”.
Q.Hüseynli qeyd edib ki, son proseslər göstərir ki, Dağlıq Qarabağ münaqişəsi sülh yaratma prosesində özünün çətin dövrünü yaşayır: “Bu çətin dövrü dəf etmək üçün beynəlxalq təşkilatlar Ermənistanı sülh danışıqlarına məcbur etməlidirlər. Paşinyanın daxili auditoriyaya hesablanan bəyanatlar səsləndirməsi həqiqətdir və o, kütlənin istəyi ilə hərəkət edir. Lakin əsas məsələ odur ki, dünya əvvəlki kimi ikili standartlarla çıxış etmir, Dağlıq Qarabağ münaqişəsinə fərqli yanaşma meydana gəlib. Əksər dövlətlər, beynəlxalq qurumlar münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istəyirlər. Lakin Paşinyan və onun ətrafındakılar bunu görməzdən gəlirlər”.
Politoloq əlavə edib ki, BMT, ATƏT və digər beynəlxalq təşkilatlar Ermənistana təzyiq göstərməli, onları sülh məcbur etmək üçün müəyyən sanksiya tətbiq etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB