Riyakarlıq və nankorluq – yan-yana... TƏRS BAXIŞ

Riyakarlıq və nankorluq – yan-yana... TƏRS BAXIŞ

Əli Kərimli ilə Mehman Hüseynovun müqayisəsi

Biri radikal müxalifət partiyasının bölücü sədri, digəri bloqer. Biri Əli Kərimli, digəri isə Mehman Hüseynov. Əslində, bu iki fərdin bir-birinə müəyyən bənzərlikləri də var. Ə.Kərimli riyakar, M.Hüseynov isə nankor!

Yəqin ki, bir neçə gün əvvəl AXCP sədrinin zaman-zaman siyasi arenadakı mövqeyini möhkəmləndirməsindən ötrü, hətta hakimiyyətlə gizli sövdələşmələrə getməsi barədə yayılan faktları bir çoxları oxuyaraq, müəyyən nəticələr çıxarmış oldu. Bu gün sosial şəbəkələrdə gözünü yumaraq, ağzını açan axecepeçilərin sədri sabah yenidən adətkarda olduğu ayağısürüşkənliyini işə salaraq, yalmanmağa, yaltaqlanmağa, riyakarlığa əl ata bilər. Bunu etmək onun üçün heç də çətin deyil. Çünki “Yurd” şefi mənəviyyatsızlığını və ləyaqətsizliyini çoxdan boynuna alıb sevə-sevə gəzdirir!

Söhbət Əli Kərimlidən gedirsə, demək ki, burada hər cür alçaqlıqları, rəzillikləri müşahidə etmək mümkündür

Elə M.Hüseynov məsələsində də riyakar Kərimli özünə siyasi divident qazanmağa cəhd göstərdi. Belə ki, bloqer azadlığa çıxar-çıxmaz AXCP sədri dərhal özünü onun yanında göstərdi, reklam etdirdi. Halbuki, M.Hüseynov azadlığa çıxandan dərhal sonra onu qarşılayanlar arasında Müsavatın sabiq başqanı İsa Qəmbərlə hazırkı başqanı Arif Hacılı da yer almışdılar. Ancaq onlar müəyyən mənada naftalin qoxusu verən bir-iki cümlələrini işlətləslər də, Ə.Kərimli kimi M.Hüseynovu evinə qədər müşayiət etmədilər nədənsə...

Ə.Kərimli isə bloqerin “quyruğuna” düşərək, düz evinə qədər getdi, üstəlik, özünə lazım olan reklamını da apardı. Təbii ki, bu yazıda M.Hüseynovun da nankorluğu barədə qeydlərimizi edəcəyik. Lakin bu barədə daha sonra, yazının sonunda...

Qayıdaq Ə.Kərimliyə. Xatırlaya bilərik ki, AXCP sədri Ə.Kərimli əvvəlcə M.Hüseynovun adından istifadə edib 19 yanvar mitinqini keçirdi. Sonra mitinqə bir az çox adam gəldiyini görüb dedi ki, bu mitinqin Mehmana heç bir aidiyyətə-filanı yox idi, hətta fikirlərini dəyişərək, hakimiyyətin apardığı inqilabi islahatların “təkanverici gücü” kimi mitinqini bu istiqamətə yönlətməyə çalışdı. Düzdür, Kərimlinin bu istəyi də alınmadı. Lakin...

Lakin bloqer Mehman azadlığa çıxan kimi dərhal getdi onun yanına ki, onu ilk qarşılayan da özü olsun. İndi buna nə ad verəsən, onu necə adlandırasan?! Əslində isə, burada təccüblənəcək də heç nə yoxdur. Çünki söhbət Ə.Kərimlidən gedirsə, demək ki, burada hər cür alçaqlıqları, rəzillikləri müşahidə etmək mümkündür.

“Hakimiyyət elə bilməsin ki, mən həbsdən çıxandan sonra ağıllı olacağam”, deyən nankor Mehman bununla ağıllı insan olmadığını da etiraf etdi

İndi isə keçid edək M.Hüseynova. Həmin M.Hüseynova ki, həbsdə olduğu müddətdə gah “aclıq aksiyası” keçirdiyini bəyan etdi, gah da “aclıq aksiyasını” su, meyvə və yoğurt yeməklə sürdürdüyünü yaydı. Amma sonradan bəlli oldu ki, M.Hüseynov heç bir aclıq aksiyası keçirmirmiş, onun mədəsində problemlər var və buna görə də həkimlərin müəyyən elədiyi pəhriz saxlayırmış. Hətta beynəlxalq təşkilatların təmsilçiləri belə, onu həbsxanada ziyarət edərkən, sağlamlığına heyran qaldıqlarını gizlətmədilər. Digər məsələlər barədə də çoxları xəbərdardır zatən...

Amma məsələnin digər tərəfi də budur ki, M.Hüseynov istər azadlığa çıxdığı gün evinin qarşısında, istərsə də, evində keçirdiyi mətbuat konfransında dediyi fikirləridir. Evinin qarşısında müxalifətyönlü sayt və internet tv-lərinin suallarını cavablandırarkən, o guya “qorxmaz müxalifətçi” olduğunu göstərmək üçün sözün əsl mənasında həqiqəti dedi. “Hakimiyyət elə bilməsin ki, həbsdən çıxandan sonra mən ağıllı olacağam, daha əvvəlki kimi çıxışlar etməyəcəyəm”, deyən Mehman sübut etdi ki, reallıqda o və onun kimiləri ağıllı-filan insanlar deyillər. Çünki ağıllı, düşüncəli adam özünü heç vaxt Ə.Kərimli kimi riyakarların yanında tapmaz!

Bir də ki, M.Hüseynov evində keçirdiyi və xarici diplomatların da iştirak etdiyi mətbuat konfarnsında bir etirafı etməliydi ki, əgər ölkədə söz və ifadə azadlığı olmasaydı, o, nə mətbuat konfransı keçirə bilə, nə də ki, ümumiyyətlə, bloqerlik fəaliyyətini davam etdirmək niyyətində olduğunu bəyan edərdi.

Beləliklə, riyakarlıq və nankorluq əslində, bir-birinə bənzər məsələlərdir və əgər Ə.Kərimli ilə M.Hüseynovu yan-yana qoyararsaq, bunların canlı obrazlarının şahidlərinə çevrilmiş olarıq.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə