"Əfv sərəncamı ilə bağlı proseslər bayrama kimi tam yekunlaşacaq" AÇIQLAMA-ÖZƏL
“Əfv Komissiyasının iclasları davam edir və komissiya üzvləri yüzlərlə məhkumun işinə baxılaraq müvafiq tövsiyə xarakterli qərar qəbul edir”. Bunu SİA-ya açıqlamasında Prezident yanında Əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.
O bildirib ki, yekun qərarlar Prezident İlham Əliyevə təqdim olunduqdan sonra son qərar dövlət başçısı tərəfindən sərəncam şəklində imzalanacaq.
Ə.Nuriyev söyləyib ki, Novruz bayramı ərəfəsində Əfv Sərəncamının imzalanacağı istisna edilmir: “Komissiyanın iclasları müraciətlər bitənə qədər davam edəcək. Güman edirəm ki, bu proseslər Novruz Bayramına kimi tam yekunlaşacaq”.
Ölkə başçısı tərəfindən ötən il imzalanan Əfv Sərəncamının 634 nəfər şamil olunduğunu xatırladan komissiya üzvü qeyd edib ki, onlardan 609 nəfəri azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən azad edilmişdi: “Bu, Əfv sərəncamları tarixində ən genişmiqyaslısı idi. İndiyədək 64 əfv sərəncamı imzalanıb ki, bunun nəticəsində 4 minə yaxın şəxs cəzadan, eləcə də azadlıqdan məhrumetmə cəzasından azad edilmişdi”.
Ə. Nuriyev vurğulayıb ki, “Əfvetmə haqqında Əsasnamə”yə görə, müraciət hüquqi məhkumlara, onların qanuni nümayəndələrinə, vəkillərinə, onlarla bağlı məsələnin vəsadət formasında qaldırılması isə Ombudsman, Milli Məclisin deputatları, yerli və beynəlxalq qeyri-hökumət təşkilatları, Penitensiar xidmətin rəhbərliyi, yetkinlik yaşına çatmayan şəxslərlə bağlı isə Yetkinlik yaşına çatmayanlarla bağlı xüsusi komissiya tərəfindən qaldırıla bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB