"Zurabişvilinin ilk səfərini Azərbaycana etməsi ölkəmizə verilən dəyərdir" ŞƏRH-ÖZƏL

"Zurabişvilinin ilk səfərini Azərbaycana etməsi ölkəmizə verilən dəyərdir" ŞƏRH-ÖZƏL

“Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycan səfərində mədəni, mənəvi məsələlərdən başqa əsas məqam Gürcüstanla aramızda olan 446 kilometrlik sərhədin delimitasiyası prosesinin başa çatması idi. Düzdür, aramızda elə problemli məsələ yoxdur. Sadəcə orada monastr məsələsi var ki, onu həll etməyin vaxtı çatıb”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

O bildirib ki, Gürcüstan dövlət başçısının Azərbaycana səfəri zamanı müzakirə edilən digər məsələlərdən biri Bakı-Tbilisi-Qars dəmiryolu ilə bağlı idi ki, müzakirələr zamanı bu layihənin hər iki dövlətə gətirəcəyi mənfəətdən danışılıb.

Sözügedən dəmiryolu vasitəsilə Gürcüstanın Xəzər dənizindən Hindistana, Çinə çıxış əldə etmək imkanı qazandığını deyən siyasi şərhçi söyləyib ki, Azərbaycan da bu istiqamətdə Qara dəniz vasitəsilə Bolqarıstan və Rumıniya limanlarına çıxış əldə edir: “Bu baxımdan mühüm müzakirəsi hər iki ölkə üçün əhəmiyyət kəsb edir”.

A.Nağıyev söyləyib ki, Zurabişvilinin Azərbaycana səfəri zamanı keçirdiyi bir sıra görüşlər iki ölkə arasında mədəni əlaqələr, biznes əməkdaşlığı məsələlərini ortaya qoyur: “Bu gün böyük qaz layihələrinin Gürcüstan ərazisindən keçməsi faktdır. Bu baxımdan səfər zamanı bu istiqamətdə də danışıqların aparılması mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Zurabişvilinin regionda ilk səfərini Azərbaycana etməsi, ölkəmizə olan münasibətini ortaya qoymuş oldu”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə