Azərbaycan və Gürcüstan əlaqələri möhkəm təməllər üzərində qurulub
İlham Əliyev: "Bizim birgə həyata keçirdiyimiz layihələr həm ölkələrimiz, həm qitə, həm də dünya üçün önəmlidir"

Müstəqil dövlət kimi, Azərbaycanın dünya dövlətləri, təşkilatları ilə əməkdaşlığı və dostluq münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir. İqtisadi, siyasi, sosial və s. qurulan əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir. Mövcud münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib. Azərbaycan ilə Gürcüstan arasında əlaqələr də möhkəm təməllər üzərində qurulub. İki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb. Azərbaycanla Gürcüstan arasında yaxınlığın və əlaqələrin inkişafına böyük təkan verən ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu münasibətlər həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindəndir. Gürcüstan prezidenti xanım Salome Zurabişvilinin Azərbaycan səfəri də bu münasibətlərin möhkəmliyini bir daha təsdiq etmiş oldu. Onun regionda birinci səfərinin Azərbaycan olması qonşu və dost ölkə olduğuna əsaslanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görüş zamanı bildirdiyi kimi, biz əsrlər boyu mehriban qonşuluq şəraitində yaşamışıq və bu gün uğurla inkişaf edirik: "Bizim birgə həyata keçirdiyimiz layihələr həm ölkələrimiz, həm qitə, həm də dünya üçün önəmlidir. Yəni biz çox uğurlu əməkdaşlıq formatı yarada bildik. Əminəm ki, növbəti illərdə bütün sahələr üzrə əməkdaşlıq daha da dərinləşəcək və genişlənəcək. Bunu bizim siyasi iradəmiz diktə edir. Əminəm ki, biz bütün məsələlərdə hər zaman bir-birimizin yanında olacağıq, bir-birimizə dəstək göstərəcəyik, necə ki, bu günə qədər bütün məsələlərdə həmişə bir yerdə olmuşuq".
Görüş çərçivəsində regional problemlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub. Dövlət başçısı bu səfərin Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafı üçün önəmli addım olacağını diqqətə çatdıraraq, bildirib ki, biz bu gün artıq həm xarici siyasət məsələlərini, həm də regiondakı vəziyyəti, bizim nəqliyyat, enerji layihələrinin icrasını müzakirə etdik: "Əminəm ki, bu səfərin nəticələri çox müsbət olacaq və bizim əməkdaşlığımıza yeni töhfə verəcək".
"…ƏGƏR LAYİHƏLƏRİN ƏVVƏLİNDƏ ÜÇ ÖLKƏ ƏMƏKDAŞLIQ EDİRDİSƏ, BU GÜN BU ÖLKƏLƏRİN SAYI BÖYÜK DƏRƏCƏDƏ GENİŞLƏNİR VƏ YENİ TƏRƏFDAŞLAR BU LAYİHƏLƏRƏ CƏLB EDİLİR"

Gürcüstanla Azərbaycanı, hər şeydən əvvəl, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Regionda yeni mühüm bir layihəni ərsəyə gətirmək üçün iki dövlətin mövqeləri üst-üstə düşür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan prezidenti xanım Salome Zurabişvilinin mətbuata bəyanatlarla çıxışlarında da ölkələrimiz arasında mövcud münasibət bir daha özünün göstərmiş oldu. Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxışında Gürcüstan və Azərbaycanın bütün sahələrdə çox uğurla əməkdaşlıq etdiyini və bu əməkdaşlığın böyük hissəsinin energetika sektoruna aid olduğunu bildirib: "Bu gün bu məsələlər də geniş müzakirə olundu. Bildirməliyəm ki, bu əməkdaşlığın böyük tarixi var və biz birgə səylərlə çox önəmli böyük layihələri icra edə bilmişik. Əgər tarixə nəzər salsaq, görərik ki, hələ 1990-cı illərin sonlarında Bakı-Supsa neft kəmərinin tikintisi böyük hadisə idi. Bu, imkan verdi ki, Xəzər dənizi Qara dənizlə neft kəməri ilə birləşsin. Ondan sonra, əlbəttə ki, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri tikildi. Bütün bunları, biz, yəni üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə birgə səylərlə həyata keçirdik". Həyata keçirilən bu layihələr iqtisadi inkişafa böyük təsirini göstərməkdədir. "Bu marşrut üzrə bu gün "Cənub Qaz Dəhlizi" layihəsi uğurla icra edilir", - deyən Azərbaycan Prezidenti "Cənub Qaz Dəhlizi"nin reallaşmasına az vaxt qaldığını söyləyib: "Keçən il bu layihənin icrası ilə bağlı çox önəmli il olmuşdur. Keçən il Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi olmuşdur və onun əsas hissəsini təşkil edən TANAP layihəsi də istifadəyə verilmişdir. Artıq TANAP xətti ilə qazın nəqli təmin edilir. Bu layihələr ölkələrimiz üçün, bölgə üçün böyük əhəmiyyət daşıyır, geniş mənada, əməkdaşlığı dərinləşdirir. Əgər layihələrin əvvəlində üç ölkə əməkdaşlıq edirdisə, bu gün bu ölkələrin sayı böyük dərəcədə genişlənir və yeni tərəfdaşlar bu layihələrə cəlb edilir".
"…BİZİM BÜTÜN SAHƏLƏR ÜZRƏ ƏMƏKDAŞLIĞIMIZIN ÇOX BÖYÜK PERSPEKTİVLƏRİ, ƏN ƏSASI İSƏ GÜCLÜ SİYASİ İRADƏ VAR"
"Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar əlaqələrimizin inkişafı üçün çox önəmli rol oynayırlar" – deyən Cənab Prezident Gürcüstan və Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı ölkələr olduğunu vurğulayıb: "Bu, bizim böyük sərvətimizdir. Ölkələrimizdə yaşayan bütün xalqların nümayəndələri özlərini çox rahat hiss edirlər. Bu, ölkələrimizin bugünkü və gələcək inkişafı üçün çox önəmli amildir".
Görüş çərçivəsində aparılan danışıqlar Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığına, iqtisadi, siyasi, humanitar və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsinə öz töhfəsini verəcəkdir. Bütün sahələrdə uğurlu əlaqələr böyük layihələrin reallaşmasına səbəb olacaq və iki dövlət arasında olan dostluğun təməlini daha da möhkəmləndirəcəkdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Bir sözlə, deyə bilərəm ki, bizim bütün sahələr üzrə əməkdaşlığımızın çox böyük perspektivləri, ən əsası isə, güclü siyasi iradə var. Gürcüstan və Azərbaycan bundan sonra da bir-birini dəstəkləyəcək. Biz reallaşan layihələri bundan sonra da inkişaf etdirəcəyik və yeni layihələr haqqında düşünəcəyik".
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB