"Bu gün informasiya müharibəsində qalib olmaq məcburiyyətindəyik" MÖVQE-ÖZƏL

"Bu gün informasiya müharibəsində qalib olmaq məcburiyyətindəyik" MÖVQE-ÖZƏL

“Xocalı faciəsinin dünyada tanıdılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Dünyanın hər yerində Xocalı soyqırımının tanınması ilə əlaqədar işlər davam edir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sona Əliyeva deyib.

Ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə Ermənistanın işğalçı dövlət kimi göstərildiyini deyən deputat söyləyib ki, Xocalı faciəsi Pakistan, Sudan, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, İordaniya və sair kimi dövlətlər və ABŞ-ın 20-dən çox ştatı və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən tanınıb: “Bu prosesdə 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyası önəmli rol oynayır”.

S. Əliyeva qeyd edib ki, bu gün ənənəvi müharibələrin yerini tutan informasiya müharibəsində qalib olmaq məcburiyyətindəyik: “ Hazırda dünyada informasiya müharibəsi çox qısa mənada "milli maraqlara çatmaq üçün informasiyadan istifadə edilməsi" kimi xarakterizə olunur. Bu gün milli maraqlarımızın öncülü olan “Xocalıya Ədalət” kampaniyasının dünyaya bir mesajı var: ədalətin bərpası! Xocalı faciəsinin sülh prosesi üçün heç bir imkan yeri qoymamaq, təşviş yaratmaq və insanları öz doğma yerlərindən didərgin salmaq məqsədilə əvvəlcədən planlaşdırılmış aksiya olduğuna heç bir şübhə yoxdur. Bu hadisənin təfərrüatlarını indiki gənc nəslə çatdırmaq mühümdür. Bu cinayətin unudulmaması və heç bir zaman təkrar olunmaması zəruridir. Azərbaycan dövləti və cəmiyyətimiz bu cinayətin yaddaşlardan silinməməsi, cinayətkarların cəzalandırılması üçün lazımi addımlar atır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə