“Bu faktlar Azərbaycanın beynəlxalq müstəvidə yerini və rolunu gücləndirir” RƏY-ÖZƏL

“Bu faktlar Azərbaycanın beynəlxalq müstəvidə yerini və rolunu gücləndirir” RƏY-ÖZƏL

“Cənub Qaz Dəhlizi ölkəmizin enerji siyasətində mühüm yer tutan nəhəng layihədir. Fevralın 20-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilməsi bunu bir daha təsdiqləyir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

Bu günlərdə Azərbaycanın zəngin “Şahdəniz” yatağının resurslarının işlənməsinə və Avropaya nəqlinə hesablanan Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması istiqamətində mühüm addımın atıldığını deyən komitə sədri söyləyib ki, indiyədək Azərbaycan güclü siyasi iradə nümayiş etdirərək bir neçə nəql marşrutunun yaradılmasına nail olub: “1990-cı illərin sonlarında Xəzər və Qara dənizləri birləşdirən Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi, enerji resurslarının nəqli və şaxələndirilməsi baxımından çox mühüm əhəmiyyət daşıyan hadisə idi. Daha sonra 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəməri istifadəyə verilməsi sayəsində şirkətlərin daha çox sərmayə qoymaq və daha çox neft çıxarmaq imkanı əldə etməsi nəticəsində Azərbaycan öz ixracını əhəmiyyətli dərəcədə artırmağa nail oldu”.

E. İbrahimov vurğulayıb ki, Cənub Qaz Dəhlizi Avropa ölkələrinin enerji təminatında yeni imkanlar açaraq, qaz tədarükü mənbələrini şaxələndirməyə, yeni alternativ marşrutlardan istifadə etməyə imkan yaradacaq: “Bu faktlar isə Azərbaycanın iqtisadi gücünü artırmaqla yanaşı, beynəlxalq müstəvidə də yerini və rolunu gücləndirir. Bu uğura Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində nail olunub”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə