Prezidentlərin görüşündən sonra Azərbaycan və Latviya arasında üç sənəd imzalanıb

Prezidentlərin görüşündən sonra Azərbaycan və Latviya arasında üç sənəd imzalanıb

Yanvarın 17-də Riqada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin təkbətək görüşü olub.

SİA-nın xəbərinə görə, görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə olundu, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin mövcudluğu bildirilib.

Söhbət zamanı Azərbaycan ilə Latviya arasında əlaqələrin Avropa İttifaqı çərçivəsində əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Yanvarın 17-də Riqada Azərbaycan-Latviya sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin birgə mətbuat konfransı olub. Dövlət başçıları bəyanatlarla çıxış etmiş, jurnalistlərin suallarına cavab veriblər.

Daha sonra Azərbaycan-Latviya sənədlərinin imzalanma mərasimi olub.

Dövlət başçıları İlham Əliyev və Valdis Zatlers "Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə bəyannaməsi"ni imzalayıblar.

"Azərbaycan Respublikasının Hökuməti ilə Latviya Respublikasının Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında saziş"i Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Latviyanın daxili işlər naziri xanım Linda Murniese imzalayıblar.

"Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə qarşılıqlı inzibati yardım və informasiya mübadiləsi haqqında saziş"i Azərbaycanın vergilər naziri Fazil Məmmədov və Latviyanın Gəlirlər üzrə Dövlət Agentliyinin baş direktoru xanım Nelija Jezdakova imzalayıblar.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere Riqa şəhərində "Azadlıq" abidəsinin ucaldıldığı mərkəzi meydana gəliblər.

Meydanda fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyev və xanımı abidənin önünə gül qoyublar, Latviyanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər.

Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndirilib. Latviya Prezidenti Valdis Zatlers Azərbaycanın dövlət başçısına məlumat verib ki, latış xalqının azadlıq rəmzi olan bu abidə 1935-ci il noyabrın 18-də ucaldılıb. Latviya 1918-ci ildə məhz noyabrın 18-də müstəqil respublika elan edilib. 1940-cı ildə Latviya Sovet İttifaqına birləşdirildikdən sonra bu abidənin önünə gül-çiçək qoymaq, əslində, qadağan olunub. Buna baxmayaraq, latış xalqı milli azadlıq hərəkatlarının, tarixi hadisələrin ildönümünü, repressiya qurbanlarının xatirəsini burada yad edirdi. Keçən əsrin sonunda xalqın yenidən müstəqillik uğrunda mübarizəsi də məhz buradan başlanıb.

Azərbaycan Prezidenti İlham Əliyev Riqanın qocaman sakini ilə söhbət etdi, xatirə şəkli çəkdirib.

Dövlətimizin başçısına abidənin yerləşdiyi meydanın ətrafında aparılmış abadlıq işləri barədə də məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə