"Xocalı faciəsini xalqımız heç vaxt unutmayacaq" AÇIQLAMA-ÖZƏL

"Xocalı faciəsini xalqımız heç vaxt unutmayacaq" AÇIQLAMA-ÖZƏL

“Xocalı faciəsi bəşər tarixində iki misli görünməyən Xatın və Sonqmi faciələrini öz müdhişliyi, dəhşəti və insanlığa sığmayan hadisələri ilə geridə qoyub. Xocalı faciəsi dünyada analoqu olmayan soyqırımı aktı kimi tarixə düşdü”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Azərbaycan xalqının tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırımına məruz qaldığını deyən deputat söyləyib ki, Xocalı faciəsi Azərbaycan xalqının heç vaxt unudulmayacaq və ibrət dərsi götürüləcək qan yaddaşıdır: “Xocalı qətliamı Ermənistanın ölkəmizə hərbi təcavüzünün kulminasiya nöqtəsi oldu. Xocalı soyqırımı tarixə erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izi kimi yazıldı. Tarixi həqiqətləri dünyaya çatdırmaq isə Ümummilli lider Heydər Əliyevin qətiyyətli və gərgin fəaliyyəti nəticəsində həyata keçdi. Ulu öndər Heydər Əliyevin 18 dekabr 1997-ci il tarixli “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSRİ ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” və 28 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanları ilə uzun illər gizli saxlanılan bu ümumxalq faciəsi öz hüquqi-siyasi qiymətini aldı, tarixi yaddaşımız bərpa olundu”.

P. Kərimzadə qeyd edib ki, Ulu öndər Heydər Əliyevin siyasətini uğurla və layiqincə yerinə yetirən ölkə Prezidenti İlham Əliyevin uğurlu diplomatiyası sayəsində artıq dünya ictimaiyyəti başa düşür ki, Ermənistanın idarə olunan siyasətinin əsasında terrorçuluq və işğalçılıq siyasəti dayanır: “Dövlət başçısı İlham Əliyev dəfələrlə qeyd edib ki, bizim siyasətimiz, xüsusilə xaricdəki fəaliyyətimiz, Xocalı haqqında həqiqətləri dünya birliyinə çatdırmağımız vəziyyəti artıq dəyişib. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi minnətdarlıq hissi ilə qeyd etmək lazımdır. Məhz fondun gərgin fəaliyyəti nəticəsində Xocalı soyqırımı, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsas səbəbləri və nəticələri, erməni silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionundan və ona bitişik yeddi rayondan qeyd-şərtsiz çıxarılmasının zəruri olması barədə dünya ictimaiyyəti məlumatlandırıldı. Xocalı soyqırımının tanınması ilə bağlı əldə olunan təqdirəlayiq nəticələr onu deməyə əsas verir ki, bu faciəni törədənlər tezliklə ədalət mühakiməsi qarşısına çıxacaq, öz dəhşətli cinayətlərinə görə cavab verməli olacaqlar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə