“Soyqırımı tarixinin dastanı” mövzusunda tədbir keçirilib FOTOLAR - VİDEO

“Soyqırımı tarixinin dastanı” mövzusunda tədbir keçirilib FOTOLAR - VİDEO

Tağı Əhmədov: “Xalqımız Qarabağda, Xocalıda, Şuşada, Ağdamda və digər işğal altındakı torpaqlarımızda qələbə qazanmaq, inkişaf və tərəqqi etmək üçün öz dövlətinin və iqtidarının yanındadır"

YAP Yasamal rayon təşkilatında Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdən öncə, YAP Yasamal rayon təşkilatında Ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış büstün qarşısına gül-çiçək dəstələri düzülüb.

Sonra tədbir iştirakçıları gənc rəssamların Xocalı soyqırımına həsr etdikləri əsərlərlə tanış olublar.

Tədbir konfrans zalında davam etdirilib.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının xor kopellası Azərbaycan Respublikasının Dövlət Himnini səsləndiriblər.

Sonra Xocalı soyqırımında şəhid olmuş insanlarımızın xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Xor kopellasının Xocalı soyqırımına həsr olunmuş ifasından sonra, səhnəyə İncəsənət Gimnaziyasının tələbələri çıxaraq, “Soyqırımı tarixinin dastanı” mövzusunda ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Sonra söz YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədova verilib. Çıxış edən Tağı Əhmədov bildirib ki, Xocalı soyqırımı XX əsrin ən qanlı bəşər faciəsidir və bu tarixi yalnız öz günündə deyil, bütün günlərdə xatırlanmalı, yaddaşlara həkk olunmalıdır.

Xocalı soyqırımının baş verdiyi tarixə və həmin illərin siyasi vəziyyəti barədə də danışan YAP Yasamal rayon təşkilatının sədri qeyd edib ki, artıq bir sıra xarici dövlətlər faciəni soyqırımı kimi tanıyırlar. “Lakin buna baxmayaraq, hər bir azərbaycanlı 2008-ci ildən start götürmüş “Xocalıya ədalət!” kampaniyasına qoşulmalı, xüsusilə gənc nəsil bu işdə fəallıq göstərməlidir”, deyə qeyd edən Tağı Əhmədov onu da bildirib ki, işğalçı Ermənistan qondarma erməni soyqırımının dünya dövlətləri tərəfindən tanınması ətrafında uzun illərdir ki, fəaliyyət göstərir, lakin bir neçə ölkələrdən başqa onların bu saxta iddialarını tanıyan yoxdur: “Lakin bizim əlimizdə faktlar, danılmaz sübutlar var və biz, Xocalı soyqırımının tanıdılması, onun gənc və yeniyetmə nəsillərimizə çatdırılması üçün var qüvvəmizlə çalışmalıyıq. Əbəs deyil ki, bu faciəyə əsas siyasi qiyməti məhz Ulu Öndər Heydər Əliyev verib. Məhz bundan sonra dünya dövlətləri Xocalıda baş vermiş dəhşətlərin əsl tərəflərini görməyə başlayıblar. Bu gün Prezident İlham Əliyev cənabları həmin istiqamətdəki fəaliyyətini davam etdirir. Bizi qarşıda 60 minlik Xocalı yürüşü gözləyir və bu yürüşdə iştirak etmək hər birimizin vətəndaşlıq borcudur”.

Tağı Əhmədov bu günkü müxalifətin və o zamankı hakimiyyətin səbatsızlığı uzündən Xocalı soyqırımının baş verdiyini xatırladıb: “Onlar yenidən Azərbaycan dövlətini və xalqını 1992-ci ilə qaytarmağa çalışırlar, lakin buna nail ola bilməyəcəklər. Artıq xalqımız öz dövlətinin və iqtidarının yanındadır – Qarabağda, Xocalıda, Şuşada, Ağdamda və digər işğal altındakı torpaqlarımızda qələbə qazanmaq, inkişaf və tərəqqi etmək üçün”.

Natiq, sonda tədbirdə iştirak edən gənclərə, yeniyetmələrə öz təşəkkürünü çatdıraraq, onların hər birinin gələcək nəsillərə bu qan yaddaşını çatdıracaqlarını vurğulayıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə