"Şəhid Xocalının ruhunu ünvanına qaytarmalıyıq" AÇIQLAMA - ÖZƏL

"Şəhid Xocalının ruhunu ünvanına qaytarmalıyıq" AÇIQLAMA - ÖZƏL

"Xocalı soyqırımı ermənilərin 200 ildən artıq Azərbaycan xalqına qarşı apardığı işğalçılıq siyasətinin növbəti və qanlı mərhələsidir. Xocalı Azərbaycan xalqının harayıdır". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, tarixçi alim Fəzail İbrahimli deyib.

O bildirib ki, XX əsrdə ölkəmizə qarşı həyata keçirilən soyqırımın tarixinə nəzər yetirsək görərik ki, ermənilər 1918-ci ildə isə çar Rusiyasının devrilməsindən, yerinə bolşevik hakimiyyətinin gəlməsindən istifadə edərək soyqırımı törədiblərsə, Xocalı soyqırımını 1992-ci ilin 26 fevral tarixində törədiblər: "Bütün hallarda sifariş və icra edənlər eyni olub".

Hazırda Xocalı faciəsinin dünya ictimaiyyətinə tanıdılması istiqamətində "Xocalıya ədalət" kampaniyasının həyata keçirildiyini xatırladan millət vəkili söyləyib ki, ümumilikdə bu istiqamətdə ölkəmizdə mühüm işlər görülür, addımlar atılır.

F.İbrahimli qeyd edib ki, Xocalı Azərbaycan xalqının nisgili, dərdidir: "Xocalının işğaldan azad edilməsi xalqımızın qarşısında vəzifə və borcdur. Hər il Xocalı faciəsinin il dönümü ərəfəsində həm ölkəmizdə, həm də digər ölkələrdə müxtəlif tədbirlər, aksiyalar keçirilir. Faciənin daim yaddaşlarımızda qalması üçün paytaxtımızda "Ana harayı" abidəsi ucaldılıb. Dövlət tərəfindən bu istiqamətdə aparılan siyasət xətlə yanaşı, hər bir vətəndaşımız Xocalı ilə bağlı təbliğatını gücləndirməlidir".

Tarixçi alim qeyd edib ki, Xocalı sakinləri torpaqlarımız işğaldan azad edildikdən sonra öz torpaqlarını geri qayıtsalar da bu faciə heç zaman unudulmayacaq: "Nə qədər ki, Xocalı işğaldan azad edilməyib, orada qətlə yetirilən günahsız insanların ruhu sakitləşməyəcək. Ən azı biz bu ruhları ünvanına qaytarmalıyıq"

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə