Azad Rəhimov: “Son 4 ildə gənclər təşkilatlarının 114 layihəsinə Avropa Gənclər Fondu tərəfindən 1,4 milyon avro maliyyə vəsaiti ayrılıb” - AÇIQLAMA

Azad Rəhimov: “Son 4 ildə gənclər təşkilatlarının 114 layihəsinə Avropa Gənclər Fondu tərəfindən 1,4 milyon avro maliyyə vəsaiti ayrılıb” - AÇIQLAMA
2010-cu il bütün sahələrdə olduğu kimi gənclər və idman sahəsində də uğurlu olub. SİA-nın verdiyi xəbərə görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasında etdiyi çıxışında deyib. O bildirib ki, hesabat dövründə Nazirliyinin mərkəzi aparatı tərəfindən dövlət gənclər siyasətinin müxtəlif istiqamətləri üzrə 100-ə qədər tədbir keçirilib ki, onlardan da 19-u beynəlxalq səviyyəli olub.

Onun sözlərinə görə, son 4 ildə Azərbaycanın gənclər təşkilatlarının 114 layihəsinə Avropa Gənclər Fondu tərəfindən 1,4 milyon avro dəyərində maliyyə vəsaiti ayrılıb ki, bu da Avropa məkanında ən yüksək göstəricidir.

Nazir söyləyib ki, Azərbaycan gəncləri bu gün Avropanın və dünyanın 30-dan çox nüfuzlu beynəlxalq gənclər təşkilatlarında təmsil olunurlar: "Elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının icrası ilə əlaqədar Beynəlxalq Münasibətlər üzrə Alimlərin Birinci İllik Simpoziumu, Gənc Alimlərin Birinci Respublika İnnovativ İdeya Yarmarkası, "Ekologiya ili" çərçivəsində "Gənclər ekoloji inkişaf uğrunda" Beynəlxalq Elmi-Praktiki konfrans və digər tədbirlər təşkil edilib, gənc alimlərin elmi əsərlərindən ibarət toplular nəşr olunub. Ötən dövrdə nazirlik tərəfindən yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədi ilə respublikanın 67 rayon və şəhərlərini əhatə edən Gənclərin Vətənpərvərlik Tərbiyəsi Klublarının şəbəkəsi yaradılıb, "Vətən sağ olsun" telelayihəsi həyata keçirilib. Bu istiqamətdə işlər davam etdirilərək "Mən azərbaycanlıyam" və "Xəmsə" yeni intellektual televiziya layihələri həyata keçirilməyə başlayıb. Qeyd olunan layihələr gənclərimiz arasında böyük marağa səbəb olub və hazırda ölkənin təhsil ocaqlarında, şəhər və rayonlarımızda eyniadlı klubların yaradılması geniş vüsət alıb. Xüsusilə "Mən azərbaycanlıyam" telelayihəsini qeyd etmək istəyirəm".

Hesabat dövründə gənc liderlər üçün müxtəlif mövzularda seminarlar, konfranslar, təlim kursları, diskussiyalar keçirildiyini deyən A.Rəhimov qeyd edib ki, yay aylarında mindən artıq gəncin iştirakı ilə respublikanın müxtəlif bölgələrində istirahət və təlim düşərgələri təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə