Bosniya və Herseqovinanın xarici işlər naziri İçərişəhərlə tanış olub

Bosniya və Herseqovinanın xarici işlər naziri İçərişəhərlə tanış olub
Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalayın başçılıq etdiyi nümayəndə heyəti bu gün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olub. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tanışlıq müddətində qonaqlar üçün İçəri Şəhər ərazisində gəzinti və tarixi abidələrimizlə bağlı ekskursiya keçirilib.
Qonaqların gəzintisi ölkəmizin ən möhtəşəm abidələrindən olan Qız Qalası ilə tanışlıqla başlayıb. Qız Qalasının Bakının simvolu və YUNESKO-nun "Dünya İrsi Siyahısı"na daxil edilmiş abidə olduğu vurğulanıb.

Buxara və Multanı karvansaralarında olan qonaqlara bu abidələrin memarlıq quruluşu və təyinatı barədə məlumat verilib. Elektromobillərlə davam etdirilən gəzinti zamanı İçəri Şəhərdəki çoxsaylı qədim abidələr, xüsusilə də Qoşa Qala Qapıları və yaxınlığındakı meydan barədə maraqlı tarixi məlumatlar diplomatın diqqətinə çatdırılıb.

Sonda qonaqlar "Kiçik Karvansara" abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – "İncəsənət Bağı"nda olub. Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalay burada Fəxri Qonaqlar Kitabında öz ürək sözlərini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə