Joze Manuel Barrozo: "Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər ildən ilə yaxşılaşır"
""Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığını müsbət qiymətləndirirəm". SİA-nın xəbərinə görə, bunu Bakıda səfərdə olan Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo jurnalistlərə verdiyi açıqlamasında deyib. O "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığını müsbət qiymətləndirib: "Bu proqram təkcə energetika sahəsində deyil, həmçinin ticarət sahəsində də əməkdaşlığı nəzərdə tutur. Eyni zamanda bu proqram "Şərq Tərəfdaşlığı" ölkələri ilə viza rejimini sadələşdirməyə imkan verəcək". O, bildirib ki, "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində 2011-ci ildə Azərbaycana 122,5 milyon avro vəsait ayrılıb.
"Nabucco" layihəsi ilə bağlı kommersiya qərarı qəbul etmək zəruri olduğunu deyən Avropa Komissiyasının prezidenti, "Nabucco" "Cənub dəhlizi" çərçivəsində əsas layihə olduğunu vurğulayıb: "Çünki bu kəmərlə Avropaya daha böyük həcmdə mavi yanacaq nəql etmək mümkün olacaq. "Nabucco" həmçinin mavi yanacaq hasil edən ölkələr üçün də sərfəlidir".
"Nabucco" layihəsinin reallaşması, "Şahdəniz" qazının bu layihə əsasında çəkiləcək kəmərlə ötürülməsi məsələsinə gəlincə isə Joze Manuel Barrozo bildirib ki, bütün bunlar kommersiya qərarlarıdır və qərarlar kommersiya səviyyəsində qəbul olunmalıdır: "Lakin bu qərarlara siyasi səviyyədə də dəstək vermək olar. "Nabucco" ilə bağlı qərarı biznes şirkətləri verməlidir, bir daha təkrar edirəm, bu, kommersiya qərarıdır. Dünən prezident İlham Əliyev aydın şəkildə ifadə etdi ki, Azərbaycan bu prosesi dəstəkləyir. Türkiyəyə gəldikdə, bu ölkə də layihəni dəstəkləyir. Ona görə də söz şirkətlərindir. Biz şirkətlərin əvəzinə qərar qəbul edə bilmərik, biz yalnız siyasi dəstək verə bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB