İsgəndər Həmidovun özünüreklam cəhdi effekt vermədi MÜXALİFƏT

İsgəndər Həmidovun özünüreklam cəhdi effekt vermədi MÜXALİFƏT

Yaxud, AMDP sədrinin “qaçdı-tutdu” oyunu baş tutmadı

Son vaxtlar AMDP sədri İsgəndər Həmidovun öz ətrafında süni ajiotaj yaratmaq cəhdləri və onun bu cəhdlərə nəyə görə əl atması məqamları üzə çıxmağa başlayıb. Belə ki, onun hələ ötən ilin sonlarından “liderliyi” ilə “xalq hərəkatı” yaradıb, digər müxalifət partiyalarını da həmin “hərəkata” qoşmaq cəhdləri uğursuzluqla nəticələndi. O cümlədən, Həmidov “zirvə” toplantısı da təşkil etməyinə rəğmən, ciddi ofsaytda qaldı. Çünki “ana müxalifətçilik” uğrunda didişən AXCP və Müsavat partiyalarının “liderləri” nə İ.Həmidovu “xalq hərəkatının” rəhbəri, nə də onun “zirvəsini” tanımayaraq, bütün təşəbbüslərinə rədd cavabı verdilər. Məhz bundan sonra AMDP sədri özünüreklam marağını digər məsələlər ətrafında aparmağa başladı.

Özlərinə yaxın sosial şəbəkə səhifələrində ictimai rəyi çaşdırmağa yönəlmiş dezinformasiya cəhdi dərhal üzə çıxdı

Misal üçün, bir neçə gün əvvəl, daha dəqiq desək, fevralın 12-də İ.Həmidovun Qazax rayonuna gedərkən, guya oradan yoxa çıxması ətrafında yaradılan saxta səs-küy çox qısa müddətdə ifşa olundu. Özlərinə yaxın sosial şəbəkə səhifələrində ictimai rəyi çaşdırmağa yönəlmiş dezinformasiya cəhdi dərhal üzə çıxdı.

Bəs hadisə necə baş verib, AMDP sədrinin yalan və dezinformasiya yaymaq cəhdi necə ifşa olunub? SİA xəbər verir ki, bununla bağlı əslən Qazax rayonundan olan QHT sədri Arzuman Abdulkərimov mətbuata ilginc məlumatlar verdi. Bir qazaxlı kimi ata-baba yurdunda hər hansı bir insanın “yoxa” çıxması ilə bağlı iddiaların ona təsir etdiyini deyən A.Abdulkərimov son anda İ.Həmidovun və ətrafının sadəcə, yalan, şər və böhtan uydurduğunu deyib: “Açığını deyim ki, ilk andaca bunun dezinformasiya və təxribat olduğunu düşündüm. Elə də oldu. Bir müddət sonra İsgəndər Həmidov video müraciət paylaşaraq Qazaxa getdiyini elan etdi, sürücüsünü və onu müşaiyət edən Murad (Qazax sakini olduğu bildirilir) adlı birinin polisə aparılaraq təhqir və təzyiqlərə məruz qoyulduğunu bildirdi. Eyni zamanda üzünü xaricdə yaşayan ”söyüşcül vətənsizlərə” tutaraq xarici dövlətlərdən bu insanların azad olunması barədə dəstək istəmələrini xahiş etdi”.

QHT sədri: “Əminəm ki, qazaxlılar gələcəkdə də bu insanların məkirli planlarını pozacaqlar”

QHT sədrinin sözlərinə görə, araşdırmaları zamanı məlum olub ki, “bəy” yaşına yaraşmayan yalanlar danışıb. “Nə onun sürücüsü, nə də Murad adlı şəxs polisə aparılıb və hər hansı təzyiqlərə məruz qalmayıb”, deyən A.Abdulkərimova görə, sadəcə Həmidova elə gəlirmiş ki, onu Qazaxda çox möhtəşəm qarşılayacaqlar. Lakin bu, baş vermədi: “Onun düşündüyünün əksinə olaraq Qazaxda onu bir-iki adam qarşılayıb. Belə olduğu halda öz pərtliyini gizlətmək üçün yalan məlumatlar yaymağa başlayıb. Əslində başqa cür ola da bilməzdi. Çünki qazaxlılar ağı-qaradan seçməyi bacarırlar. Kimin nə yuvanın quşu olduğunu bilirlər. Əminəm ki, qazaxlılar gələcəkdə də bu insanların məkirli planlarını pozacaqlar”.

A.Abdulkərimov digər bir ilginc məqama da toxunaraq deyib ki, bu gün istər xaricdə Azərbaycan dövlətinə qarşı çirkin və xain çıxışlar edənlər, istərsə də onların buradakı “ələkçiyə qıl verənləri” bu dəfə öz təxribatlarını reallaşdırmaqdan ötrü Qazax rayonunu seçiblər: “Bildiyimiz kimi Qazax sərhəd rayonu olaraq həssas bölgədi. Niyə məhz Qazaxı seçirsiniz?. Yeri gəlmişkən, son zamanlar xaricdə məşkunlaşan söyüş şəbəkəsinin üzvü, Qazax hərbi hissəsinin keçmiş komandiri İsa Sadıqov da Qazaxla bağlı bəzi replikalar atır. Təxribat yaradaraq ermənilərin əlinə fürsət vermək istəyirsiniz? Yox, “bəy” alınmaz. Bizlər imkan vermərik”.

Özünə “millətçi” deyən şəxs xaricə satılmaz!

Onun sözlərinə görə, bu gün özlərini “millətçi”, “turançı” və s. adalandıran şəxslər əslində erməniçiliklə və erməni çörəyi yeməklə məşğuldurlar. Çünki özünü azərbaycanlı hesab edən şəxs heç vaxt dövlətinin, millətinin maraqlarını xarici qrantlara, erməni lobbisinə satmaz, Bu baxımdan, “özünə millətçi deyən şəxs xarici dövlətdən dəstək istəməz”, deyə bildirən QHT rəhbəri bu ünsürlərin ölkədə xalq dayaqlarını itirdiklərini qeyd edib: “Amma nə edəsən, çünki Azərbaycan xalqının içərisində bütün dayaqlarınızı itirmisiniz. Ona görə də ümidiniz xarici güclərə qalıb. Özünüzə yığışın”.

Göründüyü kimi, İ.Həmidovun bu oyunbazlığı da əvvəlkilərtək fiaskoya uğradı. Necə ki, icazəsiz mitinq keçirməklə, ölkədəki sabitliyi qatmağa hazırlaşdığı kimi. Beləliklə, AMDP sədrinin növbəti “qaçdı-tutdu” oyunu da baş tutmamış qaldı.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə