YAP-da QHT nümayəndələri ilə görüş keçirilib YENİLƏNİB-TƏDBİR-VİDEO-FOTOLAR

YAP-da QHT nümayəndələri ilə görüş keçirilib YENİLƏNİB-TƏDBİR-VİDEO-FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Bahar Muradova, YAP icra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev və QHT təmsilçiləri iştirak ediblər.

Tədbirdə sosial mediada təhqirlərin və digər bu kimi xoşagəlməz halların qarşısının alınması yollarının tapılması istiqamətində müzakirələr aparılıb.

Tədbirdə çıxış edən YAP-ın sədr müavini Əli Əhmədov bildirib ki, internetin inkişafının müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də var: “Bu gün insanlar sosial şəbəkələrdə təhqirlərə, mənəvi terrora məruz qalırlar. Əsas problem odur ki, sosial şəbəkələrdə özünü qanuni yolla müdafiə etmək imkanları da yoxdur: "İstənilən adamı istənilən formada təhqir etmək, mənəvi terrora məruz qoymaq çox asandır, lakin bundan özünümüdafiə mexanizmi yoxdur. Bu bir bəla olaraq bütün dünyada geniş vüsət alıb. Bu problem cəmiyyətdə bir gərginlik yaradır. Bu problem tək Azərbaycanda deyil, digər dövlətlərdə də mövcuddur. Ancaq Azərbaycanda bu hal eybəcər formadadır”.

Baş nazirin müavini qeyd edib ki, ayrı-ayrı ölkələrdə bu problemin qarşısını almaq üçün yollar axtarılır, texniki və hüquqi baxımdan cəhdlər edilir: “Azərbaycanda da bu problemin qarşısını almaq üçün hüquqi normalar var, ancaq bunun tətbiq edilməsi mexanizmi mövcud deyil. Bəzi ölkələr bu problemin qarşısını almaq üçün internetin məhdudlaşdırılmasına da gedirlər. Mən internetin məhdudlaşdırılmasının tamamilə əleyhinəyəm, ancaq biz müzakirələr aparıb texniki və hüquqi tənzimləmə yollarını tapmalıyıq ki, bu eybəcərliklərin qarşısı alınsın”.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Bahar Muradova bildirib ki, bu gün dünyanın yaratdığı texnoloji yenilik ciddi problemə çevrilib: "İnternetdə təhqirlər, mənəvi terror cəmiyyət üçün ciddi problem yaradır. Azərbaycanda bu problemlərin qarşısını almaq üçün qanunverici əsaslar da var və bu, bütün beynəlxalq təşkilatların standartlarına uyğundur. Lakin qanunlar internetdə baş verən bu eybəcərliklərin qarşısını almaqda acizdir. Biz qanunlara hər hansı məhdudlaşdırıcı maddələr əlavə etmək niyyətində deyilik. Bu problemin qarşısını almaq üçün mübarizə yolları tapmalıyıq”.

Tədbirdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, sosial şəbəkələr vasitəsilə milli mənəvi dəyərlərimiz mənəvi terrora məruz qalır: “Sosial şəbəkələrdə dövlət, hakimiyyət orqanlarını gözdən salmağa çalışırlar. Bunu düşünülmüş siyasi məqsədlərlə edirlər. Sosial şəbəkələrdə söyüş adi hala çevrilib. Müzakirələr aparmalıyıq və elə bir yol tapmalıyıq ki, insanlar söyüşə məruz qalmasın”.

Digər çıxışçılar da sosial şəbəkənin yaratdığı mənfi təzahürlərdən danışıblar və bu istiqamətdə maarifləndirmə işinin gücləndiriməsinin vacibliyini vurğulayıblar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə